BƏŞƏRİYYƏTİN XİLASKARI

BƏŞƏRİYYƏTİN XİLASKARI

İnsan övladı yaranandan bu günədək haqq və batil arasında olan çəkişmələr davam etmiş və bu, mövcud yer üzərində yaşadığı axrıncı günədək həmin mübarizə davam edəcəkdir. Sayının çoxluğuna güvənib özünü bu keşməkeşli mübarizədə “haqqa”a göstərən “batil” qüvvələr müxtəlif təbliğat vastələrindən istifadə edərək insan kütləsini yolundan azdırıb onları əsil məqsədindən yayındırır. Kəmiyyətcə sayı az olan, lakin, iman və iradə cəhətindən güclü potensiala malik olan “haqq” qüvvəsi batil qüvvələrinin önündə həmişə dəyanətlə durmuş, yorğunluq bilmədən gecə-gündüz insan cəmiyyətini qurtuluşa doğru dəvət edib, onları öz həqiqi məqsədlərinə çatdırır və bəşəriyyət xilaskarının gəlişinə zəmin yaradır.

Bu xilaskarın gəlişinə verilən vədə bütün səmavi dinlərdə mövcüddür. Belə ki, Zərdüştlikdə “Zoroastrean Millennialism” yəni, hər min ildən bir o həzrətin nəslindən olan və dünyanı ədalətlə dolduran xilaskarın gəlməsinə etiqad vardır ki, bu xilaskarlar üç nəfər olacaq və hər min ildə onlardan bir zühur edib aləmdə ədaləti bərqərar etdikdən sonra dünyadan köçəcəklər.

Üçüncü və axrıncı xilaskarın zührundan sonra isə qiyamət baş verəcəkdir. Onların adları və gəlişləri belədir:

1) 1. Hüşidər: Zərdüştən 1000 il sonra gələcək;

2. Hüşidər Mah: Zərdüştən 2000 il sonra gələcək;

3. Suşiyans və ya Suşiyant: Zərdüştən 3000 il sonra gələcək və onun zühuru ilə dünya sonra yetəcək.

2) Həzrət Musanın (ə) dinində yəhudilərin “Messiah” yəni, Məsihin zühuruna etiqadları vardır. Məsih zühur edəcək və yəhudiləri parlaq həyata çatdıracaq.

3) Həzrət İsanın (ə) dini də, Musanın (ə) dinini təkmilləşdirir. Xristianlar Həzrət Məsihin gəlişinə və onun zühuru ilə zülm və fəsadın aradan getməsinə inanırlar.

4) Axrıncı səmavi din olan və bütün peyğəmbərlərin məqsədlərini təkmilləşdirən “İslam” dinində isə bu xilaskarın vücuduna çox böyük əhəmiyyət və etiqad vardır. O Həzrət, İslam aləmində ən çox Məhdi (ə) ləqəbi ilə tanınır.

Həzrət Məhdi (ə.c.) Qur`an və hədislərdə

“Biz yer üzərində müstəzəflərə (zəif hesab edilənlərə) minnət qoyub, onları yerin imam (rəhbər) və varisləri qərar vermək istəyirik.” (Qəsəs-5)

İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurublar: “Bu ayə 12-ci imama aiddir ki, axirəzzamanda zühur edib zalımları məhv edəcəkdir.”

“Zəburda (Tövratda və digər səmavi kitablarda) zikr etdikdən sonra yazdıq: Mənim layiqli bəndələrim dünya (hökümətinin) varisi olacaqlar.” (Ənbiya- 105.)

İmam Baqir (ə) buyurur: “Allahın bu layiqli bəndələri Həzrət Məhdinin (ə) hökümətçiləridir.”

“Bəqiyyətullah (Allahın zəxirəsi) sizin üçün daha xeyirlidi, əgər iman gətirsəniz.” (Hud-86.)

İmam Sadiq (ə) buyurur: “ Həzrət Məhdinin (ə.c.) köməkçiləri onu belə səsləyəcəklər: Salam olsun sənə ey Bəqiyyətullah! (Allahın ehtiyatda saxladığı bir qüvvə) .”

“O, (Allah) həmin şəxsdir ki, öz Rəsulunu hidayət və haqq dini ilə yer üzərinə göndərdi ki, bütün dinlərə qələbə çalsın, hərçənd ( bu iş ) müşriklərin xoşuna gəlməsə belə.” (Tövbə-33.)

İmam Sadiq (ə) buyurub: “And olsun Allaha, bizim Qaimimiz qiyam etməyincə bu ayə gerçəkləşməyib, doğrulmayacaqdır.”

“Allah-Təala sizlərdən iman gətirib, saleh əməllər görənlərə vədə verib - onları (yer üzərində) xəlifə və canişin qərar verəcək, necə ki, sizdən öncələrini xəlifə və canişin qərar verdi.” (Nur-55.)

İmam Səccad (ə) buyurub: “And olsun Allaha! Onlar bizim şiələrimizdirlər və Allah bu işi bizim ( nəslimizdən ) olan bir nəfərə verəcək ki, o ümmətin hidayətçisidir.”

O Həzrətin təvəllüdü barəsində tarixi məlumatlar

O Həzrətin atası şiələrin 11-ci imamı Həsən Əsgəridir (ə). Anası Rum imperatoru Qeysərin övladı Yəşuanın qızı Məlikədir ki, Nərcis Xatun adı ilə məşhurlaşıb.

Təvəllüdü: 255-ci hicri-qəməri ili, Şəban ayının on beşi, cümə günü, sübh vaxtı Samirra şəhərində anadan olmuş və hal-hazırda 1167 yaşı vardır. ?

Belə bir sual yaranır: Görəsən mümkün ola bilərmi ki, insan bu qədər həyat sürsün? Bu sualın cavabında qeyd etmək lazımdır ki, “mümkünlük” dedikdə, aşağıdakı üç mənadan biri başa düşülür:

1. Əməli mümkünlük;

2. Elmi mümkünlük;

3. Məntiqi və ya fəlsəfi mümkünlük;

Əməli mümkünlük dedikdə, məqsəd hər hansı bir işin həyata keçməsini elə bir şəkildə mümkün hesab etmək deməkdir ki, həmin iş hamı tərəfindən qəbul edilsin. Məsələn, insanın okeanların dibində vurub oranı kəşf etməsinin və ya aya uçmasının mümkünlüyü.

Elmi mümkünlük dedikdə, məqsəd budur ki, bir iş əməli cəhətdən mümkünlük mərhələsinə çatmamışdır. Lakin, eyni zamanda elmi nailiyyətlər onun mümkünlüyünü inkar etmir. Misal üçün, baxmayaraq ki, insanın hal-hazırkı dövrdə Marsa gedib çatması mümkün deyil, lakin elmi nöqteyi-nəzərdən bu iş heç də qeyri-mümkün sayılmır.

Məntiqi və ya fəlsəfi mümkünlük dedikdə, bir işin baş verməsi üçün hər hansı bir maneənin mövcüd olmaması, nəticədə əqlin onun baş verməsinin qeyri-mümkünlüyünə hökm etməməsi nəzərdə tutulur. Misal üçün, üç ədəd portağalı kəsilmədən iki bərabər hissəyə bölmək mümkün deyildir. Çünki, əql, əməl və təcrübə baxımından məntiqi təfəkkür hökm edir ki, üç tək ədəddir və təkliklər toxunulmadan cüt saya bölünə bilməzlər. Belə ki, üçün tam şəkildə iki bərabər hissəyə ayrılmasının şərti budur ki, üç eyni zamanda həm tək olsun, həm də cüt; bu isə paradoks və ziddiyyət adlanır. Həmçinin məntiqi və əqli cəhətdən qeyri-mümkün sayılır. Amma, insanın çox yüksək hərarətə davam gətirməklə Günəşə daxil olması əqli və məntiqi cəhətdən qeyri-mümkün sayılmır.

Buna əsasən başa düşürük ki, məntiqi mümkünlüyün əhatə dairəsi və miqyası elmi mümkünlükdən, elmi mümkünlüyün sahəsi də əməli mümkünlükdən daha genişdir.

Şübhə yoxdur ki, məntiqi nəzərdən bir insanın min illərlə yaşaması mümkündür. Çünki, bu məsələ əqli nəzərdən qeyri-mümkün sayılmır və bu fərziyyədə heç bir paradoks və ziddiyyət gözə dəymir. Məlum məsələdir ki, həddən artıq uzun ömürlülük hal-hazırda əməli olaraq mümkün deyildir. Habelə bu iş, aya yaxud okeanların dərinliklərinə getmək məsələsi kimi deyildir ki, insanların ixtiyarında olan vasitələrlə yerinə yetirilsin. Bu məsələ elmi təcrübələr, sınaqlar nəticəsində hasil olan məsələ kimi də deyildir ki, insanın ömrünü yüz illərlə artırsın. Amma, elmi cəhətdən bu məsələ ayrı şəkildə aydınlaşdırılır. Qeyd etməliyik ki, hazırkı elm dünyası uzun ömürlülüyün mümkün olmasını nəzəri və təcrübi cəhətdən inkar etmir. Hətta alimlərdən bəziləri bir sıra mütəxəssislərin iddiasının əksinə olaraq, sübuta yetirmişlər ki, dəyişməz hesab olunan təbiətin qanunlarına bəzi istisnalar mümkündür. Düzgün qidalanma və gigiyeniyaya ömürü bir neçə dəfə artıra bilər. Min illər boyu insanlar arzu etmişlər ki, ölümün – müqəddər olunmuş bu hadisənin gəlib çatmasını təxirə salsınlar. Keçmiş əsrlərdə kimyagərlərin əbədi həyata çatması üçün apardığı səylər və çalışmalar heç bir nəticə verməmişdir. 19-cu əsrin axırlarındakı elmi müvəffəqiyyətlər insanın daha artıq ömür sürməyə olan arzularnın yenidən rovnəqlənməsinə səbəb olmuş və bəlkə də yaxın gələcəkdən bu xəyalın reallaşacağı barəsindəki ümudlərini artırmışdır. Bu istiqamətdə alimlər əvvəlcə heyvanların üzərində sınaqlar keçirmişlər. Misal üçün, Kornel universitetinin görkəmli mütəxəssisi Mek Kay və London universitetindən Aleks Kam Furet insanın qidalanması ilə onun qocalığı arasında tənasübü araşdırmışlar və öz sınaqlarında siçanlardan bəzilərinin ömrünü 50% artırmağa nail olmuşlar.

Başqa bir amerikalı mütəxəssis Riçard Ruçeşled və onun Bakib adlı həmkarı bu nəticəyə gəlmişlər ki, “Deymitelamini Ataminol” maddəsindən istifadə edilməsi siçanların ömrünü sınaq müddətində 6-49% artırmışdır. Milçəkələrin üzərində aparılan təcrübələr isə onların ömürlərinin hətta 300 dəfə artırılması ilə nəticələnmişdir. Nəzərə almalıyıq ki, insan da canlı məxluqlardan biridir və Allah onu digər yaratdıqlarından üstün hesab edir. Nəticə kimi Həzrət Məhdinin (ə.c.) uzun ömrünün mümkünlüyü barəsində araşdırma aparasaq, bu barədə yaranan suallara cavab verə bilərik. Uzun ömürlülüyün məntiqi və elmi mümkünlüyü aydın olduqdan sonra, elmin bu nəzəriyyəni əməli olaraq həyata keçirmək barəsində səy apardığını nəzərə alsaq, təəcüb üçün heç bir şübhə yeri qalmaz.

Həmin mövzüda yeganə bəhanə yeri bu ola bilər ki, Həzrət Məhdinin (ə.c.) elmində şəkk edək və onun elminin bəşər elmindən üstün olmasını qəbul etməyək.

Əgər, “İslam bu rəhbərin həyatının qoruyub saxlanılmasında bəşər elmindən necə qabağa keçə bildi?” deyə soruşsalar, cavabında demək lazımdır:

-Bu yeganə hal deyildir ki, İslam bəşər elminin inkişafından qabağa düşmüş olsun; əksinə çoxlu hallar vardır ki, İslam bəşəriyyətin çata bilmədiyi elmi zirvələri uzun illər bundan öncə fəth etmişdir. Misal üçün, Allah Təala bizi agah etmişdir ki, Öz Peyğəmbərini (s) (bir gecədə) Məkkədən Məscid əl-əqsaya doğru aparmışdır. Bu aparılmanın necəliyini əgər təbii qanunlar çərçibvəsində araşdırsaq, Onun ( yəni Peyğəmbərin (s) təbiət qanunlarının fövqündə olan qanunlardan bəhrələndiyini görəcəyik.

Allah Təala Peyğəmbəri (s) işıq sürəti ilə hərəkət etdirmək barəsindəki öz qüdrətini bizə xəbər vermiş və əməldə mümkün olmayan belə arzuları özünün axrıncı canişininə müqəddər etmişdir. Habelə, bəşər elmi belə arzulara çatmamışdan əvvəl Həzrət Məhdiyə (ə.c.) uzun ömür bağışlamışdır.

Əgər bütün bunlara inanırıqsa, onda İslam şəriətini göndərən Qadir Allahın Məhdinin (ə.c.) elmini zamandan qabağa salmasını necə çətin hesab edə bilərik?!

Kiçik və böyük qeybət

Həzrət Məhdinin (ə.c.) qeyri-adi ömür sürdüyü həyatına nəzər saldıqda onun həyatında bir-birindən fərqli olan iki qeybəti (yəni insanların gözü önündən qeybə çəkilib və onların həzrətlə saxladığı əlaqənin bir başa olmadığını) görərik.

1) İmam Həsən Əsgərinin (ə) şəhadətindən sonra 260-cı hicri-qəməri tarixinin Rəbiül-əvvəl ayının 8-də Həzrət Məhdi (ə) 5 yaşında ikən vilayət və imamət bayrağını ələ alıb yer üzərində Allahın 12-ci və sonuncu xəlifəsi təyin olundu. Elə bu tarixdən bəri o həzrətin kiçik qeyb dövrü başlandı. Artıq hər kəs o həzrət ilə birbaşa görüşə bilmirdi. Həzrət Məhdini (ə) 4 nəfər xüsusi canişin görə bilərdi. Şiələr də bu 4 xüsusi naiblər vasitəsi ilə öz şəri suallarının cavabını o Həzrətdən alırdılar. Bu kiçik qeyb dövrü 329-cu hicri-qəməri ili Şəban ayının 15-nə dək Həzrət Məhdinin (ə) 4-cü və axrıncı səfiri və xüsusi naibi Əbdul Həsən Əli ibn Məhəmməd Səmərinin şəhadəti ilə sona yetdi.

Sahibəz-zaman Həzrət İmam Məhdinin (ə.c.) 69 il sürən kiçik qeyb dövründə dörd xüsusi canişini tərtib ilə bunlardan ibarətdir:

1. Osman ibn Səid Əmri; On ikinci imamın (ə) ona tam etibarı var idi. O, həm də İmam Əliyyən Nəqi və Həsən Əsgərinin (ə) yanında da etimad qazanmışdı. Osman ibn Səid Əmri Əsədi tayfasından olan Cəfər Əmri nəslinə mənsubdur. Ona “Səmman” yəni, yağ satıcısı da deyirdilər. Çünki, o təqiyyə üzündən səfirlik işini Allah düşmənlərindən gizlətmək üçün yağ alveri edirdi.

2. Məhəmməd ibn Osman ibn Səid; İmam Həsən Əsgəri (ə) onu və ata-anasını etibarlı şəxslər adlandırmış –“o, oğlum Məhdinin (ə) vəkillərindən olacaqdır”– deyə şiələrə xəbər vermişdir.

3. Cənab Hüseyn ibn Ruh; O, Məhəmməd ibn Osmanın zamanında onun tərəfindən bəzi işlərin öhdədarı idi.

4. Şeyx Əbul-Həsən Əli ibn Məhəmməd Səməri; Şeyx Əbul Qasim Hüseyn ibn Ruhun əcəli yaxınlaşdıqda Sahibəz-zamanın (ə) əmri ilə Əbul-Həsən Əli ibn Məhəmməd Səmərini öz canişini təyin etdi. Həzrət Məhdi (ə) şiələrin müşkül məsələlərinin həllini onun əli ilə həyata keçirirdi.

2) Həzrət Məhdinin (ə) qeybəti Kubrası yəni, böyük qeyb dövrü onun axrıncı nümayəndəsinin şəhadətindən sonra 329-cu Hicri-qəməri ilinin Şəban ayının on beşindən, bu günkü günümüzə qədər davam edir və Allahın təyin etdiyi vaxta kimi uzanacaqdır.

Artıq 1100 ildən çoxdur ki, bəşəriyyətin o Həzrətlə birbaşa olan əlaqələri kəsilmişdir. Bu illər ərzində Allahın dininə xeyli cəfalar qılınmış və Əhli-beyt (ə) ardıcılları müxtəlif təqiblərə məruz qalmışlar. Lakin bununla yanaşı bəzi şəxslər də vardır ki, o həzrətlə görüşmüşlər. Onlardan bir də Əbdul-Hüseyn ibn Əbil-Bəğl Katibdir. Şeyx Təbəri “Dəlail” kitabında ondan belə nəql edir:

Əbu-Mənsur ibn Əbu-Salehin tərəfindən öhdəmə bir iş götürmüşdüm. Aramızda bir münaqişə baş verdi ki, bu iş qaçıb gizlənməyimə səbəb oldu. Əbu-Mənsur məni axtarmağa başladı. Bir müddət qorxu və həyacan içində gizlində qalmağa məcbur oldum. Günlərin bir günündə cümə axşamı, İmam Kazimin (ə) nurlu qəbrinin ziyarətinə gedib dua edərək hacətimi almaq istəyirdim. O gecə hava yağışlı və küləkli olduğundan, habelə camaatın da belə bir havada az gəlmələrindən istifadə edib Əbu-Cəfər Qəyyumdan xahiş etdim ki, ziyarətgahın qapılarını bağlasın. Ibadətimi bir kəsin görməməsi üçün ora heç bir şəxsi buraxmasın. O, xahişimi nəzərə alaraq qapıları bağladı. Mən orada tənha qalıb ziyarət edir, namaz qılır, dua oxuyurdum. Elə bu vaxt İmam Kazimin (ə) şərafətli qəbri tərəfindən ayaq səsləri eşitdim. Baxdıqda gördüm ki, bir kişi ziyarət edərək Adəm (ə) və ulul-əzm Peyğəmbərlərə (ə) və Məsum İmamlara (ə) bir-bir salam verməyə başladı. On ikinci İmama çatdıqda o Həzrətin adını çəkmədi. Mən təəccüb edərək fikirləşdim ki, bu şəxs o həzrəti unudub, yaxud heç onu tanımır, ya da ki, bizim məzhəbimizdən deyildir. Ondan qoruxurdum. Çünki həmin şəxsi tanımırdım, o, qədd-qamətli nurani bir cavan idi. Əynində ağ paltar, başında əmmamə vardı, çiyninə də əba atmışdı. Mənə müraciətlə dedi: Ey Əbil-Bəğl! Fərəc duasının harasındasan? Dedim: Ey mənim ağam! O hansı duadır? Dedi: İki rəkət namaz qılıb deyirsən: “Ya mən əzhərəl cəmilə və sətərəl qəbihə, ya mən ləm yuaxiz bil-cərirəti vələm yəhtikis-sitrə, ya əzimələ mənni, ya kəriməs-səfhi, ya həsənət-təcavüzü, vasiəl məğfirəti, ya basitəl-yədəyni birəhməti, ya müntəha kulli nəcva və ya ğayətə kulli şəkva, ya əvna kulli mustəin, ya mubtədiən min-niəmi qəblə istihqaqiha ya rəbbahu (10-dəfə) ya ğayatu rəğbətuha (10-dəfə) əsəlukə bihəqqi hazihil-əsmai və bihəqqi Muhəmmədin və alihit-tahirinə əleyhumus-salamu illa ma kəşəftə kərbi və nəffəstə həmmi və fərrəctə ğəmmi və əsləhtə hali”.

Sonra istədiyin hər bir şeyi ürəyindən keçir və dua et. Daha sonra isə üzünü möhürə qoyub yüz dəfə deyirsən:

Ya Muhəmmədu, Ya Əliyyu, Ya Əliyyu Ya Muhəmməd ikfiyani fəinnəkuma kafiyani vənsurani vəinnakuma nasiran.

Sonra sol üzünü möhürə qoyub 100 dəfə deyirsən:

“Ədrikni” və nəfəsin tükənənə qədər “əl ğovs, əl ğovs, əl ğovs” deyirsən və başını səcədədən qaldırırsan. Allah öz kərəmi ilə sənin istədiyini verəcəkdir. Elə bu zaman namaz və duaya başladım. O şəxs çölə çıxıb getdi. Mən də namazdan sonra Əbu-Cəfərin yanına həmin kişinin buraya necə daxil olması barədə soruşmağa getdim. Elə bu vaxt qapıları əvvəlki tək qıfıllı gördüm. Fikirləşdim, görəsən burada başqa bir qapıda var ki, mənim ondan xəbərim yoxdur? Sonra özümü Əbu-Cəfərə çatdırıb ondan o şəxsin kimliyi və buraya necə daxil olması barəsində soruşduqda dedi: Gördüyün kimi qapılar kilidlidir və mən onları açmamışam.

Başıma gələnləri ona nəql etdikdə isə dedi ki, o, bizim on ikinci İmamımız Sshibəz-zamandır (ə). Günəşin çıxmasına az qaldıqda ötüb keçənlərə təəsüflənib halsız vəziyyətdə gizləndiyim yerə qayıtdım. Yolda ibn Əbi-Salehin adamları məni axtararkən onların qarşısına çıxdım. Onlar mənlə qucaqlaşıb dostcasına görüşdülər. Əllərində vəzirin öz xətti ilə yazılmış və mənim təhlükəsizlikdə olmağımı sübut edən yazını görüb ibn Əbi-Salehin yanına getdim. O, məni görcək ayağa qalxaraq, çoxdan məni görməyən bir şəxs kimi bağrına basıb qucaqladı və sonra dedi: Bu hadisə səni o yerə gətirib çıxartdı ki, məndən Həzrət Məhdiyə (ə) şikayət edəsi oldun? Dedim: Bir arzum var idi, onu da o həzrətdən istədim.

Əbil-Bəğl sonra belə davam edirdi:

Mən İbn Əbi-Salehin tərəfindən güman belə etmədiyim məqsədimə ağam 12-ci imamın bərəkəti sayəsində nail oldum.

Şərhlər

Şərh yaz

* Bir ulduz Fields əlbəttə dəyər olmalıdır.