MƏHDİŞÜNASLIQ

MƏHDİŞÜNASLIQ

İMAM MƏHDİ (Ə) BİR NƏZƏRDƏ

Şiələrin axırıncı imamı və Peyğəmbəri Əkrəmin (s) son canişini 255-ci hicri qəməri ili (868-ci miladi) şə`ban ayının 15, cümə günü sübh çağı İraqın Samirra şəhərində dünyaya gəlmişdir.

Onun atası şiələrin 11-ci imamı olan həzrəti İmam Həsən Əskəri (ə), anası isə layiqli və əməli saleh qadın olan Nərgiz xatundur ki, onun hansı millətə mənsub olması ilə əlaqədar müxtəlif rəvayətlər nəql olunmuşdur. Bir rəvayətə uyğun olaraq o, Roma imperatorunun oğul Yəşu`nun qızıdır ki, onun anası həzrəti İsa (ə)-ın vəsisi olan Şəm`unun nəslindəndir. Bu rəvayətə uyğun olaraq Nərgiz xatun qəribə bir yuxu görməklə islamı qəbul edir və İmam Həsən Əsgəri (ə)-ın hidayəti ilə özünü müsəlmanlarla müharibəyə hazırlaşan Rum ordusunun içərisinə salır. Bir qrupla yanaşı islam ordusuna əsir düşür. İmam Hadi (ə) bir nəfəri göndərir ki, onu alıb Samirraya gətirsin.[1]

Digər rəvayətlərdə nəql olunan [2] mühüm və diqqət yetiriləsi məsələ budur ki, həzrət Nərgiz xatun bir müddət İmam Hadi (ə) böyük şəxsiyyətli bacılarının biri olan Həkimə xatunun evində olmuş onların tə`lim-tərbiyəsi altında qərar tutmuş və Həkimə xatunun tərəfindən ehtirama layiq görülmüşdür.

Həzrət Nərgiz xatun uzun illər öncə Peyğəmbəri Əkrəmin (s) kəlamında[3], Əmirəl-mö`mininin (ə)-ın,[4] və İmam Sadiq (ə)-ın kəlamında[5] tə`rifə layiq görülmüş və «ən yaxşı bir kəniz» və «kənizlərin sərvəri» kimi qeyd edilmişdir.

Qeyd olunmalıdır ki, İmam Zaman (ə)-ın anası digər adlarla da o cümlədən: Susən, Reyhanə, Məleykə, Seyqəl də (Səqil) kimi adlarla tanınır..

İmamın adı, künyəsi və ləqəbləri

Künyə dedikdə «əb» və «ümm» kəlmələri ilə başlanan sözlər nəzərdə tutulur: Əbu Əbdillah, Ümmül-Bənin və sair. İmam Zaman (ə)-ın adı və künyəsi adı və künyəsi eynilə Peyğəmbərin adı və künyəsi kimidir. Bə`zi rəvayətlərdə də zühura qədər o həzrətin adını çəkmək qadağan olunmuşdur. O həzrətin məşhur ləqəbləri aşağıdakılardır:

Məhdi, Qaim, Müntəzər, Bəqiyyətullah, Höccət, Xələfi Saleh, Mənsur, Sahibul-Əmr Sahibəz Zaman və Vəliyyi Əsir. Bunların ən məşhuru Məhdidir.

Bu ləqəblərdən hər biri o həzrət barəsində xüsusi bir peyğamı çatdırır. O İmama ona görə «Məhdi» deyilmişdir ki, özü Allah tərəfindən hidayət olunmuşdur və insanları da haqqa doğru də`vət edir. Ona görə «Qaim» deyilmişdir ki, haqq olaraq qiyam edəcəkdir. Ona görə «Müntəzər» deyilir ki, hər kəs onun gəlişini gözləyir. «Bəqiyyətullah» ləqəbi ona görə verilmişdir ki, Allah təalanın yer üzündə sonuncu höccəti və sonuncu ilahi zəxirə hesab olunur.

«Höccət» Allah təalanın məxluqata olan şahidi, «Xələfi saleh» Allah övliyaları üçün layiqli canişin, «mənsur» Allah tərəfindən kömək olunan, və «Sahibül-Əmr» ləqəbi də ilahi ədalət əsasında hökumət qurulmasını öhdəsinə aldığına görə verilmişdir. Sahibəz-Zaman və Vəliyyi Əsr də bu mə`nayadır ki, o, dövrünün yeganə rəhbəri və hakimidir.

İmamın təvəllüdü

Peyğəmbərdən çoxlu rəvayətlərdə nəql olunur ki, o həzrətin xanədanından olan Məhdi adlı bir nəfər qiyam edəcək, zülmün və haqsızlığın kökünü yer üzündən kəsəcəkdir. Zalım Abbasi xəlifələri bu rəvayətlərdən agah olduqdan sonra elə təvəllüdünün əvvəllərində həzrəti Məhdi (ə)-ın qətlə yetirmək məqamına gəlmişdilər. Buna görə də İmam Cavad (ə)-ın həyatının əvvəllərindən e`tibarən mə`sum imamların həyatı daha kəskin məhdudiyyətlərlə yanaşı olmuş və bu məhdudiyyətlər imam Həsən Əsgəri (ə)-ın dövründə özünün ən yüksək həddinə çatmışdır. Belə ki, o həzrətin evinə ən adi gediş-gəlişlər belə, hökumət tərəfindən ciddi nəzarət altında saxlanılırdı. Aydındır ki, belə bir şəraitdə Allah təalanın sonuncu höccəti, İlahinin vədəsi verdiyi bir şəxsin təvəllüdü gizlin şəkildə və gözlərdən uzaqda baş verməli idi. Buna görə də hətta 11-ci imamın yaxın adamları, belə İmam Məhdi (ə)-ın təvvəlüdündən xəbərsiz idilər. Təvəllüdündən bir neçə saat öncəyə qədər Nərgiz xatunda hamiləlik əsər-əlamətləri görünməmişdir.

İmam Cavad (ə)–ın qızı Həkimə xatun İmam Zaman (ə)-ın təvəllüdünü belə nəql edir:

İmam Həsən (ə) mənim ardımca adam göndərib buyurdu: «Ey bibi! Bu gün iftarda bizim evimizdə ol. Çünki on beşi şəban gecəsidir. Allah təala bu gecədə Özünün (sonuncu) höccətini yer üzündə aşkar edəcəkdir.» Soruşdum ki, bəs onun anası kimdir? Buyurdu: «Nərgiz!» Dedim: Sənə fəda olum! Axı onda hamiləlik əlamətləri görünmür?!» Buyurdu: «Necə ki, dedim!» Sonra (Nərgiz xatunun yanına) getdim, salam verib oturdum. O irəli gəldi ki, mənim ayaqqabılarımı çıxartsın. Mənə dedi: «Sərvərim, halınız necədir?» Dedim: «Sən mənim və mənim xanədanımın sərvərisən, xanımısan!» Mənim sözümü qəbul etməyib dedi: «Əmmə can! Bu nə sözdür?!» Dedim: «Qızım, bu gün Allah təala sənə bir övlad ətə edəcəkdir ki, dünya və axirətin sərvəridir.» O xəcalət çəkib başını aşağı saldı.

Həkimə xatun deyir: İşa namazından sonra iftar etdim və öz yatağımda uzandım. Gecə yarısı namaz (gecə namazı) qılmaq üçün ayağa qalxdım, onu qıldım, və hələ də Nərgiz xatun (son dərəcə aramlıqla) yatmışdı. Heç bir hadisə də onun üçün baş verməmişdi. Namazın tə`qibatını yerinə yetirdikdən sonra yatdım. Birdən hövlnak ayağa qalxdım, o, yenə də yuxuda idi. Bir neçə andan sonra ayağa qalxıb gecə namazını qıldı və yenidən yatdı.

Həkimə xatun sözünün davamında deyir: Həyətə çıxıb fəcrin açılmasını bilmək üçün göyə baxdım. Birinci fəcri[6] müşahidə etdim, Nərgiz xatun yenə də yatağında yatmışdı. Sonra imamın buyurduğu sözlər barəsində şəkkə düşdüm; gözlənilmədən İmam Həsən Əsgəri (ə) öz yerindən məni çağıraraq buyurdu: Ey əmmə, tələsmə, (viladət) işi yaxındır.» Mən oturub «Səcdə» və «Yasin» surələrini oxumağa başladım. Birdən Nərgiz xatun iztirabla oyandı. Dərhal onun yanına gəlib dedim: İsmullahu əleyki![7] Sən bir şey hiss edirsənmi? Dedi: «Bəli, ey Əmmə!» Dedim: «Özünü ələ al və qəlbini möhkəm saxla. Bu, sənə dediyim hadisədir.» Bu zaman həm məndə həm də Nərgiz xatunda bir zəiflik əmələ gəldi. Sərvərimin (dünyaya gəlmiş görpənin) səsindən özümüzə gəldikg Paltarı üstündən götürdük də onu səcdə halında müşahidə etdik! Onu ağuşuma alıb tamamilə pak-pakizə olduğunu gördüm!

Bu zaman İmam Həsən Əsgəri (ə) məni səsələyib dedi: «Ey əmmə, oğlumu yanıma gətir!» Onu atasının yanına apardım. Ağuşuna alıb buyurdu: «Oğlum danış! «Uşaq danışmağa başlayaraq dedi: «Əşhədu ənla ilahə illəllah, vəhdəhu la şərikə ləh və əşhədu ənnə Muhəmmədən rəsullulah.» Sonra Əmirəl-Mö`minin Əli (ə) və sair imamlara salam göndərdi. Atasının adına çatdıqda onunla danışmağa başladı. İmam Həsən (ə) buyurdu: «Ey Əmmə, onu anasının yanına apar, ona da salam etsin.»

Həkimə xatun deyir: O günün sabahı on birinci imamın yanına gedib həzrətə salam verdim. Pərdəni kənara çəkdim ki, mövlanı (İmam Məhdini) görüm. Lakin onu görmədim. Buna görə də atasından soruşub təəccüblə dedim: «Sənə fəda olum! Mənim mövlam üçün nə hadisə baş vermişdir?!» O həzrət buyurdu: «Ey Əmmə, onu o kəsə (Allaha) tapşırdım ki, Musanın anası Musanı ona həvalə etmişdi.»

Həkimə deyir: Təvəllüdün yeddinci günü gəlib salam verdim və oturdum. İmam buyurdu: «Oğlumu yanıma gətir.» Mən sərvərimi gətirdim... İmam buyurdu: «Oğlum danış.» Körpə (danışmağa başladı və) Allahın yeganəliyinə şəhadət verdikdən, Peyğəmbərə və əziz ata-babalarına salavat göndərdikdən sonra bu ayəni tilavət etdi.

(بِسْمِ اللّهِ الرَّحْمـَنِ الرَّحِيمِ وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ وَنُمَكِّنَ لَهُمْ فِي الْأَرْضِ وَنُرِي فِرْعَوْنَ وَهَامَانَ وَجُنُودَهُمَا مِنْهُم مَّا كَانُوا يَحْذَرُونَ[8])

«Bağışlayan və mehriban Allahın adı ilə. Biz iradə etmişik ki, yer üzündə müstəz`əf olanlara minnət qoyaraq onları yer üzünün varisləri və rəhbərləri qərar verərək, yer üzündə onların hökumətlərini bərqərar edək, Fir`ona Hamana və onun ləşgərlərinə «Bəni-İsrailin» qoxduğu şeyləri göstərək.»[9]

İmam Zaman (ə) zahiri qurluşu

Peyğəmbəri Əkrəmdən(s) və Əhli beyt imamlarından nəql olunan rəvayətlərdə həzrəti Məhdi (ə)-ın zahiri quruluşu və vəsfləri bəyan edilmişdir ki, onlardan bə`zilərini qeyd edirik.

O həzrət cavan və buğdayı rənglidir, alnı geniş və parlaq, qaşları hilali və çəkilmişdir, gözləri qara və iri, burnu çəkilmiş və gözəl, dişləri parıldayan və enlidir, sağ yanağında qara rəngli bir xal vardır, çiyinlərinin arasında nübüvvət nişanəsinə oxşar bir şey (möhür) vardır. Onun mübarək bədən quruluşu çox mütənasib və ürəkoxşayandır.

Məsumların sözlərində o həzrətin vücudu və xüsusiyyətləri barəsində nəql olunanlardan bə`zilərini qeyd edirik:

O, ibadət əhli olub, gecələri ibadətlə məşğuldur. Zöhd (Zahidlik) sadə yaşamaq, səbir, ədalət və yaxşı əməl sahibidir. O həzrət elm və bilikdə hamıdan yüksəkdədir. Onun əziz vücudu xeyir bərəkət və paklıq mənbəyidir. O, qiyam və cihad əhli, dünyanın rəhbəri, böyük bir inqilabçı, bəşəriyyətin xilaskarı və bəşəriyyətə və`dəsi verilmiş islahatçıdır. O nurani vücud Peyğəmbərin nəslindən, Fatimeyi Zəhranın övladlarından və İmam Hüseyn (ə)-ın doqquzuncu övladıdır. Zühur etdiyi zaman Kə`bə divarına söykənərək Peyğəmbərin bayrağını əlinə alacaq, öz qiyamı ilə Allah dinini yenidən dirçəldəcək, Allahın hökmlərini dünyanın hər bir yerində icra edəcək, dünyanı zülm və haqsızlıqla dolduğu kimi, yenidən haqq-ədalətlə dolduracaqdır.[10]

İmam Məhdi (ə)-ın həyatı üç hissəyə bölünür:

1-Məxfi şəkildə yaşamaq dövrü. O həzrətin təvəllüdünün əvvəlindən atası İmam Həsən Əskəri (ə)-ın şəhadətinə qədər məxfi yaşayış dövrünü əhatə edir.

2-Qeybət dövrü: 11-ci imamın şəhadətindən başlanır və Allahın iradə etdiyi bir dövrə qədər davam edəcəkdir.

3-Zühur əsri. Qeybət dövranı sona çatdıqdan sonra Allahın iradəsi ilə zühur edəcək, dünyanı gözəlliklərlə, yaxşılıqlarla haqq-ədalətlə dolduracaqdır. Heç kəs və`dəsi verilən və intizarı çəkilən şəxsin nə vaxt zühur edəcəyini bilmir. İmam Zaman (ə)-dan rəvayət olunmuşdur ki, «zühur üçün zaman tə`yin edənlər yalançılardır.»[11]

İKİNCİ BÖLMƏ

MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

İmam Məhdi (ə)-ın həyatının bu dövründə çox mühüm incəliklər vardır ki, onlardan bə`zilərini aşağıda qeyd edirik:

İmam Məhdi (ə)-ın şiələrə tanıtdırılması

12-ci imamın təvəllüdü gizli şəkildə baş verdiyi üçün şiələrin Allah təalanın son höccətini tanımaqda səhvə və azğınlığa düşməsi qorxusu var idi. Buna görə də imam Həsən Əsgəri (ə) vəzifəli idi ki, öz övladını şiənin böyük şəxsiyyətlərinə və e`timad etdiyi şəxslərdən bə`zilərinə tanıtdırsın ki, onlar da bu mübarək təvəllüd xəbərini dirgər Əhli-beyt ardıcıllarına çatdırsınlar və bununla da o həzrətin təqdim olunması ilə yanaşı, Allah təallanın son höccətinə qarşı yönəlmiş təhdidlər də aradan getsin.

Böyük şiə alimlərindən və İmam Həsən Əsgəri (ə)-ın xas şiələrindən olan Əhməd ibni İshaq deyir:

İmam Əsgəri (ə)-ın hüzuruna getdim və ondan sonrakı imamın kim olması barəsində soruşmaq istədim, lakin mən sözə başlamazdan əvvəl həzrət buyurdu: «Ey Əhməd! Həqiqətən mütəal Allah Adəmi yaratdığı dövrdən heç vaxt yer üzünü Öz höccətlərindən boş qoymamışdır və qiyamət gününə qədər də belə bir iş etməyəcəkdir! Məhz Allahın höccətinin vasitəsi ilə bəlalar yer üzündən dəf edilir və onun (varlığının) bərəkətinə yağış yağır, yerin məhsulları bar verir.» Ərz etdim: «Yəbnə Rəsulillah, sizdən sonrakı imam və canişin kimdir?»

O həzrət sür`ətlə evin içərisinə getdi və üzü on dörd gecəlik ay kimi parlayan üç yaşlı gözəl bir oğlanı gətirib buyurdu: «Ey Əhməd ibni İshaq! Əgər mütəal Allahın və Onun höccətlərinin yanında əziz olmasaydın, bu oğlumu sənə göstərməzdim! Həqiqətən o, Peyğəmbəri Əkrəmlə eyni adda və eyni künyədədir. O bir kəsdir ki, yer üzü zülm və haqsızlıqla dolduğu zaman yer üzünü haqq-ədalətlə dolduracaqdır.» Dedim: «Ey mənim ağam, bir nişanə vardırmı ki, qəlbim onunla aram olsun?»

Bu zaman o uşaq dil açıb danışmağa başladı və çox gözəl ərəb ləhcəsi ilə buyurdu:

اَنا بَقيةُ اللهِ فى اَرْضِهِ والمُنْتَقِمُ مِنْ اَعْدائِهِ...

«Mən Allah təalanın yer üzündə saxladığı höccətəm ki, Allah düşmənlərindən intiqam alacağam. Ey Əhməd ibni İshaq! Öz gözünlə gördüyün halda, nişanə axtarma!»

Əhməd ibni İshaq deyir: Bu sözləri eşidəndən sonra imamın evindən şad halda çıxdım.[12]

Həmçinin Məhəmməd ibni Osmandan[13] və şiənin böyük şəxsiyyətli alimlərindən bir neçəsindən belə nəql olunur:

Şiələrdən qırx nəfərlə birlikdə İmam Həsən Əsgəri (ə)-ın yanına getdik. O həzrət övladını bizə göstərib buyurdu: «Məndən sonra bu, sizin imamınız və mənim canişinimdir. Ona itaət edin və məndən sonra öz dininizdə pərakəndə olmayın, əks halda həlak, olarsınız. (Bilin ki) bu gündən sonra onu heç vaxt görməyəcəksiniz.»[14]

Qeyd etmək lazımdır ki, tövsiyə olunmuş sünnələrdən və dini proqramlardan biri də körpə dünyaya gələn zaman onun üçün əqiqə və qurbanlıq etmək, qoyun kəsmək və camaatın bir qrupuna təam verməkdən ibarətdir. Bu da övladın salamatçılığı və ömrünün uzun olmasında çox tə`sirə malikdir. İmam Həsən Əsgəri (ə) dəfələrlə öz övladı üçün əqiqə kəsmişdi[15] ki, bu gözəl sünnəyə əməl etməklə eyni zamanda, şiələrdən çoxlarını da 12-ci imamın təvəllüdündən agah etmiş olsun.

Məhəmməd ibni İbrahim deyir: İmam Həsən Əsgəri (ə) bir qoyun kəsib öz şiələrindən biri üçün göndərdi və buyurdu: «Bu, övladım Məhəmmədin əqiqəsidir.»[16]

Mö`cüzələr və kəramətlər

İmam Məhdi (ə)-ın təvəllüdünün ilk dövrlərində və qeybət dövründən sonra maraqlı hadisələrdən biri o həzrətdən baş verən mö`cüzəli işlərdir ki, o həzrətin vasitəsi ilə gerçəkləşmiş və adətən, həyatının bu dövründən qəflət edilmişdir. Biz onlardan yalnız bir nümunəni qeyd etməklə kifayətlənirik.

İbrahim ibni Əhməd Nişapuri deyir: Əmir ibni Ovf (o, zalım bir hakim idi və şiələri öldürmək üçün əlindən gələni əsirgəmirdi) məni öldürmək istədikdə çox qorxuya düşdüm, vəhşət hissi bütün varlığımı əhatə etdi. Öz əhli-əyalım və qohum-qardaşla sağollaşdım, sonra İmam Həsən Əsgəri (ə) –ın evinə getdim ki, onunla da vidalaşım. Nəzərdə tutmuşdum ki, ondan sonra qaçım. İmamın evinə daxil olduğum zaman o həzrətin yanında üzü on dörd gecəlik ay kimi parıldayan bir oğlan uşağı gördüm. Belə ki, onun üzündəki nurdan heyrətə daldım. Az qalırdı ki, nəzərdə tutduğum şeyləri (ölümdən qorxduğum üçün qaçmaq qərarını) unudum.

Bu zaman uşaq mənə dedi: «Ey İbrahim, qaçmağa ehtiyac yoxdur! Tezliklə mütəal Allah onun şərini səndən uzaqlaşdıracaqdır!»

Bu zaman heyrətim daha da artdı, İmam Həsən Əsgəri (ə) –a dedim: «Sənə fəda olum! Bu uşaq kimdir ki, mənim qəlbimdə olanlardan xəbər verir?!» İmam buyurdu:« O mənim övladım və məndən sonrakı canişinimdir...»

İbrahim deyir: Allahın lütf və mərhəmətinə ümidvar olduğum halda çölə çıxdım: 12-ci imamın dediyinə etimad etmişdim. Bir neçə gündən sonra Əmim məni, Əmr ibni Ofun qətlə yetirilməsi xəbəri ilə müjdələdi.[17]

Müxtəlif suallara cavab

İmamət səmasının sonuncu parlaq ulduzu həyatının ilk dövrlərindən başlayaraq şiələrin müxtəlif məsələlər barəsindəki suallarına qənaətbəxş, möhkəm və tutarlı cavablar verir, onları xatircəm edirdi. Nümunə olaraq aşağıdakı rəvayəti ixtisarla nəql edirik:

Şiənin böyük şəxsiyyətlərindən olan Sə`d ibni Əbdullah Qummi, İmam Həsən Əsgəri (ə)-ın vəkili Əhməd ibni İshaq Qummi ilə birlikdə müəyyən sualların cavablarını almaq üçün İmam Həsən (ə)-ın hüzuruna gəlir. O, bu görüşü belə nəql edir:

Sualları soruşmaq istədiyim zaman İmam Həsən Əsgəri (ə) övladına işarə edərək buyurdu: «Mənim gözümün nurundan sual et!» Bu zaman uşaq mənə üz tutub buyurdu: «Nə istəyirsənsə soruş!...» Soruşdum: «كهيعص (müqəttəə hərflərindəndir) dedikdə, məqsəd nədir?» Buyurdu: «Bu qeybi, xəbərlərdən olan hərflərdir. Allah Özünün (peyğəmbəri və) bəndəsi olan Zəkəriyyanı ondan agah etmiş, sonra onu Həzrət Məhəmməd üçün xatırlatmışdır. Hadisə belə olmuşdu: Həzrəti Zəkəriyüa Allahdan istədi ki, Pənc Təni-ali-əbanın adlarını ona öyrətsin. Mütəal Allah Cəbraili ona nazil edərək bu adları ona öyrətdi. Zəkəriyya Məhəmməd, Əli, Fatimə, Həsən kimi müqəddəs adları dilinə gətirdiyi zaman çətinlikləri və qəm-qüssələri aradan qalxırdı, amma Hüseynin adını yad edən zaman qəhər boğazını tutur və bu işdən heyrətə dalırdı. Bir gün dedi: «Pərvərdigara» nə üçün o dörd nəfəri yad edən zaman qəm-qüssələrim və nigarançılıqlarım aradan gedir, rahat oluram və qəlbim aramlaşır, amma Hüseynin adını dilimə gətirən zaman göz yaşlarım axır və naləm ucalır?» Allah təala ona İmam Hüseyn (ə)-ın hadisəsini xəbər verib buyurdu:  كهيعص(bular hadisənin rəmzidir): كاف Kərbəlanın rəmzi, هاء xanədanının şəhid olmasının rəmzi, ياء Yezidin adına kinayədir ki, İmam Hüseynə zülm etmişdir. عين O həzrətin susuzluğuna və ətəşinə işarədir. صاد imam Hüseynin səbir və müqavimət əlamətidir.»

Dedim: «Ey Mənim mövlam, nə üçün camaatın özlərinə imam tə`yin etmək və seçməsi qadağan olunmuşdur?. Buyurdu: İmam (seçmək dedikdə sənin məqsədin) islahatçı imamdır, yoxsa fəsad törədən imam? Dedim: «Saleh imamdır (ki, cəmiyyəti islah etsin).» Buyurdu: «Heç kəsin başqasının batinində və qəlbində olanlardan xəbərdar olmadığına və onun məsləhət və düzgünlük yoxsa fəsad və təxribatçılıq barəsində fikirləşdiyini bilmədiyinə görə, ehtimal verilmirmi ki, camaatın seçdiyi bir müfsid (və təxribat əhli, günahkar) olsun?» Dedim: «Bəli mümkündür.» Buyurdu: «Səbəbi elə budur.»[18]

Qeyd etmək lazımdır ki, rəvayətin davamında imam Məhdi (ə) bunun üçün digər bir səbəb də bəyan etmiş, sonra da sair suallara cavab vermişdir ki, ixtisara riayət olunsun deyə, onları burada qeyd etmirik.

Maddi hədiyyələrin alınması

Şiələrin dini proqramlarından biri mə`sum imamlar üçün maddi hədiyyələr və xüms-zəkat haqqının göndərilməsi idi. Onlar bu hədiyyələri qəbul etdikdən sonra cəmiyyətin fəqir-füqəranın ehtiyacını tə`min edirdilər.

İmam Həsən Əsgəri (ə)-ın vəkillərindən olan İbni İshaq deyir: Şiələrdən bə`zilərinin bir qədər mal-dövlətini (xums-zəkatını) 11-ci imamın hüzuruna apardım ki, o həzrətə təhvil verəm. Həzrətin ay kimi parlaq üzlü kiçik oğlu imamın hüzurunda dayanmışdı. İmam Həsən Əsgəri övladına üz tutub buyurdu: «Oğlum, şiələrinin və dostlarının hədiyyələrini aç!» Uşaq dedi: «Ey mənim mövlam, özümün pak əlimi napak hədiyyələrə, halalla haramın qarışığına və çirkin mal dövlətə uzadımmı?!» İmam Həsən Əsgəri (ə) mənə dedi: «Ey ibni İshaq, bunların içərisindəkiləri çıxart ki, halal-haramını bir-birindən ayırsın.» Mən birinci kisəni çıxartdım, uşaq dedi: «Bu kisə Qum şəhərinin filan məhəlləsində yaşayan filankəsdəndir (onun öz adını və yaşadığı məhəllənin adını dedi). Onun içində altmış iki əşrəfi vardır. Onun 45 əşrəfisi sahibinin öz ata-anasından irs apardığı daşlı-çınqıllı torpağ sahəsinin satışından əldə edilmiş, on dörd dinarı isə satdığı doqquz paltarın qiymətidir. Qalan üç dinarı da dükanların icarə puludur.»

İmam Əsgəri (ə) buyurdu: «Əziz oğlum! Düz dedin, indi bu kişiyə göstər ki, bu mal-dövlətdən hansıları haramdır.» Uşaq tam diqqətlə haram sikkələri ayırdı və onların haram olma səbəbini aydın şəkildə bəyan etdi.

Sonra digər bir kisəni çıxartdım, uşaq onun sahibinin adını, ünvanını və yaşadığı yeri dedikdən sonra buyurdu: «O kisədə əlli əşrəfi vardır ki, ona əl vurmaq bizim üçün rəva deyildir.» Sonra mal-dövlətin napak olma səbəbini bir-bir bəyan etdi.

Bu zaman İmam Həsən Əsgəri (ə) buyurdu: «Oğul can, düz dedin!» Sonra Əhməd ibni İshaqa üz tutub buyurdu: «Bunların hamısını sahiblərinə qaytar, yaxud xəbər göndər ki, onları sahiblərinə çatdırsınlar. Bizim onlara heç bir ehtiyacımız yoxdur!»[19]

Atanın cənazəsinə namaz

İmam Məhdi (ə)-ın irticaçı şəraitdə və qeybət dövrünün başlanmasından öncəki həyatının son hadisəsi o həzrətin öz atasının pak cəsədinə meyyit namazı qılması olmuşdur. 11-ci imamın xidmətçisi Əbul-Ədyan bu barədə deyir:

İmam Həsən Əsgəri (ə) şərif ömrünün axır günlərində bir neçə məktubu mənə verib dedi: «Bunu Mədain şəhərinə apar. 15 gündən sonra Samirraya qayıdacaq, mənim evimdən nalə və şivən səsləri eşidəcək və (mənim bədənimi) qüsul verilən yerdə görəcəksən.» Dedim: «Ey mənim sərvərim! Əgər belə bir hadisə olsa, sizin canişininiz və sizdən sonrakı imam kim olacaqdır?» Buyurdu: «Hər kəs mənim məktublarımın cavabını səndən istəsə, o, məndən sonrakı imam olacaqdır.» Dedim: «Başqa bir nişanə də buyurun.» İmam buyurdu: «Mənə cənazə namazı qılan şəxs məndən sonra imam olacaqdır.» Dedim: «Yenə nişanələr buyurun.» Buyurdu: «Kisələrdə olanlardan xəbər verən kəs məndən sonra imam olacaqdır (amma imamın heybət və əzəməti kisədə nə olduğunu soruşmağıma mane oldu.)

Məktubları Mədainə apardım və cavablarını aldım. Həzrətin buyurduğu kimi, 15-ci gün Samirraya daxil olduqda o həzrətin evindən nalə və şivən səslərinin ucaldığını eşitdim. Yaxınlaşdıqda imam Həsən Əsgəri (ə)-ın cənazəsini qüsul verilən yerdə gördüm. O həzrətin qardaşı Cə`fər İmamın qapısında dayanmışdı. Şiələrdən bir qrupu da qardaşının ölümündə ona başsağlığı verir və (onun imamətini) təbrik edirdilər! Öz-özümə fikirləşdim ki, əgər bu (Cə`fər) imam olsa, onda imamət puça çıxacaqdır. Çünki onu tanıyır və bilirdim ki, şərab içir, qumar oynayır, tar-qaval çalır! Lakin nişanələri axtarmaq fikrində olduğum üçün irəli gəldim və başqaları kimi (onun imamətini) təbrik etdim, qardaşının ölümünü başsağlığı verdim, lakin o, heç bir şey (o cümlədən, məktubların cavabı) barəsində məndən bir söz soruşmadı. Bu zaman evin xidmətçilərindən biri olan Əqid çölə çıxdı və Cə`fərə xitabən dedi: «Ey mənim sərvərim, qardaşın (İmam Həsən Əsgəri) kəfənlənmişdir. Ayağa qalxıb ona namaz qıl!» Mən Cə`fər və şiələrdən bir qrupu ilə birlikdə evə daxil oldum. 11-ci imamın kəfənlənib tabuta qoyulduğunu gördüm. Cə`fər irəli gəldi ki, qardaşına meyyit namazı qılsın, lakin təkbir demək istədiyi zaman buğdayı rəngli, dişləri dürr kimi parlayan bir cavan uşaq gəldi, Cə`fərin paltarından tutub dedi: «Ey Əmi, dala çəkil, mən atama namaz qılmağa (səndən) artıq layiqəm!» Cə`fər rəngi qaçmış halda geri çəkildi. O uşaq irəli gəlib imama namaz qıldı, sonra (mənə) buyurdu: «Gətirdiyin məktubların cavabını mənə ver!» Məktubları ona verdim və öz-özümə fikirləşdim ki, bu iki nişanə onun imam olacağına dair nişanələrdəndir. Kisələrin barəsində isə hələ bir söz deməmişdir. Cə`fərin yanına getdim, o, dərindən ah çəkirdi! Şiələrdən biri ondan soruşdu: «Bu uşaq kimdir?» Cə`fər dedi: «Allaha and olsun ki, onu heç vaxt görməmişəm və tanımıram!»

Əbul-Ədyan sözünə davam edərək deyir: Biz oturmuşduq ki, Qum əhlindən bir dəstə adam gəlib imam Həsən Əsgərini axtarmağa başladı. O Həzrətin şəhadətindən agah olduqda dedilər: «Kimə başsallığı verək?» Camaat Cə`fəri ona göstərdilər. Onlar da Cə`fərə salam verib, həm imamətini təbrik etdilər, həm də başsağllığı verdilər. Sonra Cə`fərə xitabən dedilər: «Bizim yanınımızda müəyyən məktublar və pul vardır. De görüm, onlar kimdəndir, nə qədər mal-dövlətdir?» Cə`fər heyrətlənmiş halda yerindən qalxıb dedi: «Bizdən qeyb elmi istəyirsinizmi?!» Bu halda xidmətçi evdən çıxıb dedi: «Filankəslərin və filankəslərin məktubları sizin yanınızdadır (məktubları yazanların adlarını və ünvanlarını dedi), sonra dedi: Həmçinin sizin yanınızda bir qədər kisə də vardır ki, onda min dinar qızıl pul vardır, onların içərisində on dinarın üstündəki şəkillər pozulmuşdur.» O məktubları və pulları ona verib dedilər: «Bunların cavabını sənə deyən şəxs imamdır.»[20]

ÜÇÜNCÜ BÖLMƏ

İMAM MƏHDİ (Ə) QUR`AN VƏ RƏVAYƏTLƏRDƏ

A) Qur`anda

Qur`ani Kərim ilahi məarifin saf zülal çeşməsi, hikmətlərin ən qalarlısı, bəşərin ehtiyac duyduğu ən düzgün elmdir. O, elə bir kitabdır ki, başdan-ayağa doğruçuluqdur, keçmişdəkilərin xəbərlərini və gələcəkdə baş verəcək hadisələri bəyan etmiş, heç bir həqiqəti deməkdən əsirgəməmişdir. Əlbəttə, aydındır ki, aləm həqiqətlərinin hamısı bu qədər böyük həcmlə belə, ilahi ayələrin dərinliklərində qoyulmuşdur və onun dərin mə`nalarını dərk edənlər yalnız Qur`an əhli və həqiqi müfəsirlər, yə`ni Peyğəmbəri Əkrəm və onun pak Əhli-beytidir.

Sonuncu ilahi vəsinin inqilab və qiyamı dünya həqiqətlərinin ən böyüyüdür ki, çoxlu Qur`an ayələrində ona işarə edilmiş və o ayələrin təfsirində çoxlu rəvayətlər nəql olunmuşdur. Burada onlardan bir neçəsini qeyd edirik:

«Ənbiya» surəsinin 105-ci ayəsində deyilir.

وَلَقَدْ كَتَبْنَا فِي الزَّبُورِ مِن بَعْدِ الذِّكْرِ أَنَّ الْأَرْضَ يَرِثُهَا عِبَادِيَ الصَّالِحُونَ

«Həqiqətən Biz Zəburda Zikirdən (Tövratdan) sonra yazdıq ki, yer üzünə Mənim ləyaqətli bəndələrim varis olacaqlar.»

İmam Baqir (ə) buyurur: «Yer üzünə varis olan layiqli bəndələr dedikdə, məqsəd imam Məhdi və onun köməkçiləridir.»[21]

Həmçinin «Qəsəs» surəsinin beşinci ayəsində buyurulur:

وَنُرِيدُ أَن نَّمُنَّ عَلَى الَّذِينَ اسْتُضْعِفُوا فِي الْأَرْضِ وَنَجْعَلَهُمْ أَئِمَّةً وَنَجْعَلَهُمُ الْوَارِثِينَ

«Biz iradə etmişik ki, yer üzünün müstəz`əflərinə minnət qoyaraq onları (camaatın) rəhbərləri və yer üzünün varisləri qərar verək.»

İmam Əli (ə) buyurur:

«(Müstəz`əflər dedikdə) məqsəd Peyğəmbər xanədanıdır. Allah təala əzab-əziyyətlərindən sonra bu xanədanın Məhdisini seçəcək (onun əli ilə) onları izzət, əzəmət və iqtidarın son nöqtəsinə çatdıracaq və düşmənlərini isə çox ağır şəkildə zəlil edəcəkdir.»[22]

«Hud» surəsinin 86-cı ayəsində deyilir:

...بَقِيَّةُ اللّهِ خَيْرٌ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

«Bəqiyyətullah (Allahın yer üzündə saxladığı höccət) sizin üçün yaxşıdır» əgər mö`min olsanız.»

İmam Baqir (ə) buyurur:

O (İmam Məhdi) zühur edən zaman Kə`bənin divarına söykənəcəkdir. Onun dilindən çıxan ilk söz bu ayədir. Sonra buyuracaqdır:

اَنا بَقِيَّةُ اللّهِ فى اَرْضِهِ وَ خَليفَتِهِ وَ حُجَّتِهِ عَلَيْكُمْ

Yə`ni: «Mən Allahın yer üzündəki bəqiyyətullahı, Onun canişini və Onun sizə olan höccətiyəm.» Hər kəs istəsə, ona salam verərək belə deyər: «Əssəlamu ələykə, ya Bəqiyyətəllah fi ərzih.»[23]

اَلسَّلامُ عَلَيْكَ يا بَقِيَّةُ اللّهِ فى اَرْضِهِ

«Hədid» surəsinin 17-ci ayəsində belə buyurulur:

اعْلَمُوا أَنَّ اللَّهَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَعْقِلُونَ

«Bilin ki, Allah təala yer üzünü, öldükdən sonra dirçəldəcəkdir. (Biz Öz) ayələrimizi sizin üçün bəyan edirik ki, bəlkə əqlinizi işə salasınız.»

İmam Sadiq (ə) belə buyurur: «Məqsəd budur ki, Allah təala yer üzünü həzrəti Məhdi (ə)-ın zühuru dövründə onun ədalətinin vasitəsi ilə zalımların və azğınçıların zülmləri səbəbi ilə öldükdən sonra bir daha dirildəcəkdir.»[24]

B) Rəvayətlər

İmam Məhdi (ə)-ın barəsində nəql olunan rəvayətlərdə çoxlu mətləb gözə dəyir. Belə ki, o həzrətin həyatının müxtəlif mərhələləri barəsində, o cümlədən təvəllüdü, uşaqlıq dövrü, kiçik və böyük qeybət dövrləri, zühurun əlamətləri, zühur dövrü və onun dünya səviyyəli hökuməti barəsində ayrı-ayrı şəkildə din rəhbərlərindən çoxlu hədislər nəql olunmuşdur. O həzrətin zahiri xüsusiyyətləri və əxlaqi səciyyələri, onun qeybət dövrünün xüsusiyyətləri, o həzrətin zühurunun intizarını çəkənlərin fəzilət və mükafatı barəsində olan hədislər dəyərli bir məcmuədir. Maraqlıdır ki, bu rəvayətlərdən çoxu həm şiə, həm sünni kitablarında nəql olunmuşdur. Məhdi (ə)-la əlaqədar nəql olunan rəvayətlər çoxluq baxımından mütəvatir həddə çatmışdı.

Qeyd etmək lazımdır ki, İmam Məhdi (ə)-ın diqqət yetiriləsi xüsusiyyətlərindən biri budur ki, bütün mə`sumlar o həzrətin barəsində gözəl kəlamlar buyurmuşlar ki, onların sözləri insana agahlıq bağışlayan bir məarif məcmuəsidir; eləcə də mə`sumlar o ədalət sərkərdəsinin inqilab və qiyamının son dərəcə əhəmiyyətini göstərmişlər. Yaxşı olar ki, burada hər din rəhbərindən bir rəvayət nəql edək.

Peyğəmbəri Əkrəm buyurur: «Xoş olsun o kəsin halına ki, Məhdini görsün, xoş olsun o kəsin halına ki, onu sevsin; xoş olsun o kəsin halına ki, onun imamətinə inanmış olsun.»[25]

İmam Əli (ə) buyurur: «(Ali-Məhəmmədin) fərəcinin intizarında olun və Allahın rəhmətindən ümidsiz olmayın! Çünki böyük Allahın dərgahında ən sevimli iş fərəcin intizarında olmaqdır.»[26]

Fatimeyi Zəhəra (əleyha səlam)-ın «Müshəf»ində belə qeyd olunur:[27] “...Sonra aləmlərə olan rəhmət səbəbi ilə vəsilər silsiləsini İmam Həsən Əsgəri (ə)-ın övladının vasitəsi ilə təkmil edəcəyəm. O, elə bir kəsdir ki, onda Musanın kamalı, İsanın əzəməti, Əyyubun səbri vardır...»[28]

İmam Həsən Muctəba (ə) bir rəvayətdə Peyğəmbərdən sonra yaranan çətinlikləri bəyan etməklə yanaşı, buyurmuşdu: «Allah təala axirəz-zamanda bir kişini seçəcəkdir... Onu Öz mələklərinin vasitəsi ilə möhkəmlədəcək, onun köməkçilərini qoruyub-saxlayacaqdır... Onu yer üzünün bütün sakinlərinə qalib edəcəkdir... O, yer üzünü ədalət, nuranilik və aşkar dəlillərlə dolduracaqdır... Xoş olsun o kəsin halına ki, onun dövrünü görsün və onun sözlərini eşitsin.»[29]

İmam Hüseyn (ə) buyurur: «...Allah təala onun (Həzrəti Məhdinin) vasitəsi ilə, yeri öldükdən sonra bir daha dirildəcək, onun vasitəsi ilə haqq dinini hətta müşriklərin xoşuna gəlməsə də belə bütün dünya dinlərinə qalib edəcəkdir. Onun üçün bir qeybət dövrü vardır ki, bir qrup o dövrdə dindən çıxacaq, başqa bir qrup isə dində sabitqədəm qalacaqdır... Həqiqətən hər kəs onun qeybəti dövründə əziyyətlərə və təkziblərə səbr etsə, Peyğəmbərin önündə qılıncla cihad edən şəxs kimi olar.»[30]

İmam Səccad (ə) buyurur: «Bizim Qaimimizin qeybət dövründə bizə məhəbbət və dostluqda sabitqədəm qalan şəxsə Allah təala Bədr və Ühüd şəhidlərindən olan min şəhidin əcir və səvabını inayət edər.»[31]

İmam Baqir (ə) buyurur: «İnsanlar üçün bir zaman gələr ki, imamları qeybə çəkilər. Xoş olsun o kəslərin halına ki, o zamanda bizim (vilayət) əmrimizdə sabitqədəm qalar.»[32]

İmam Sadiq (ə) buyurur: «Qaim üçün iki qeybət dövrü vardır, onlardan biri qısa müddətli, digəri isə uzun müddətlidir.»[33]

İmam Kazim (ə) buyurur: «İmam (Məhdi) camaatın gözlərindən qeybə çəkilər, lakin onun adı və xatirəsi mö`minlərin qəlbindən çıxmaz.»[34]

İmam Riza (ə) buyurur: «(İmam Məhdi) qiyam edən zaman yer onun (vücud) nuru ilə aydınlaşar və o həzrət haqq-ədalət tərəzisini insanlar arasında bərqərar edər. Bundan sonra heç kəs başqasına zülm etməz.»[35]

İmam Cavad (ə) buyurur: «Bizim Qaimimiz o kəsdir ki, camaat qeybət dövründə onun intizarını çəkməli, qiyam etdiyi zaman isə onun fərmanlarına itaət etməlidirlər.»[36]

İmam Hadi (ə) buyurur: «Məndən sonrakı imam oğlum Həsən, ondan sonra isə onun oğlu Qaimdir. O həmin kəsdir ki, yer üzü haqsızlıq və zülm ilə dolduqdan sonra, onu haqq-ədalətlə dolduracaqdır.»[37]

İmam Həsən Əsgəri (ə) buyurur: «Həmd olsun o Allaha ki, mənim canişinimi mənə göstərməyincə, məni dünyadan aparmamışdır. O, bəndən quruluşu və əxlaq cəhətindən camaat arasında peyğəmbərə ən çox oxşayan şəxsdir.»[38]

DÖRDÜNCÜ BÖLMƏ

İMAM MƏHDİ (Ə) BAŞQALARININ NƏZƏRİNDƏ

İmam Məhdi (ə), onun dünya səviyyəli qiyam və inqilabı ilə əlaqədar məsələlər təkcə şiə kitablarında deyil, sair islami firqələrin e`tiqad mənbələrində də bəyan olunmuş və onun barəsində geniş səviyyəli bəhslər aparılmışdır. Onlar da Peyğəmbəri Əkrəmin pak əhli beytindən və Həzrəti Fatimeyi Zəhra əleyha səlamın övladlarından olan[39] həzrəti Məhdinin varlığına e`tiqad bəsləyirlər. Sünnilərin Həzrəti Məhdi (ə)-ın varlığına nə dərəcədə e`tiqad bəsləmələrini bilmək üçün onların böyük alimlərinin elmi əsərlərinə müraciət etmək lazımdır. Çoxlu sünni təfsirçiləri öz kitablarında aşkar şəkildə demişlər ki, Qur`an ayələrindən bə`ziləri Məhdinin axirəz-zamanda zühur etməsinə işarə edir. O cümlədən, Fəxr Razinin[40] və Qurtəbinin[41] kitablarını qeyd etmək olar.

Həmçinin, sünnilərin əksər mühəddisləri İmam Məhdi ilə əlaqədar rəvayətləri öz kitabları cəm etmişlər ki, onların arasında sünnilərin ən mö`təbər kitabları da gözə dəyir. O cümlədən Sihahi-sittə, Müsnədi Əhməd kitablarını qeyd etmək olar ki, Hənəfin məzhəbini başçısıdır[42]

Sünni alimlərindən bə`ziləri də həm keçmişdə, həm də hal-hazırda İmam Məhdi (ə)-la əlaqədar müstəqil kitablar yazmışlar. O cümlədən Əbunəim İsfəhani «Ərbəin» məcmuəsində (40 hədis), Suyuti Əl-Urfil Vərdi fi əxbaril-Məhdi» kitabında qeyd etmişdir.

Qeyd etmək lazımdır ki, sünni alimlərindən bə`ziləri Məhdilik əqidəsini müdafiə etmək və bu əqidənin inkarçılarını rədd etmək məqsədi ilə kitab və məqalələr yazmış, elmi bəyanlarla, rəvayət şahidləri ilə İmam Məhdi (ə)-ın hadisəsini qəti və inkarolunmaz hadisələr sırasında qeyd etmişlər. O cümlədən Məhəmməd Siddiq Məğribini qeyd etmək olar ki, İbni Xəldunun yazdığı kitaba rədd cavabı yazmış və onu çox kəskin şəkildə tənqid etmişdir.[43]

Qeyd olunan bu nümunələr sünnilərin Məhdilik barəsində tutduqları mövqeyi göstərir.

Bu bölmənin axırında yüzlərlə rəvayətdən yalnız sünnilərin məşhur və e`timad etdiyi kitablarda da qeyd olunmuşdur iki rəvayəti nəql edirik ki. Peyğəmbəri Əkrəm buyurmuşdur: «Əgər dünyanın (ömründən) bir gündən artıq qalmamış olsa, hökmən Allah təala o günü o qədər uzadacaqdır ki, mənim xanədanımdan və mənimlə eyni adda olan bir kişini qiyam etdirsin[44]

Başqa bir yerdə isə buyurur: «Mənim xanədanımdan adda mənimlə eyni və xilqətdə mənə oxşar olan bir şəxs qiyam edəcəkdir. O (dünyanı) zülm və sitəmlə dolduğu kimi haqq ədalətlə dolduracaqdır.»[45]

Qeyd etmək lazımdır ki, axirəz-zaman zühur edərək dünyanı haqq-ədalətlə dolduracaq bir xilaskarın zühuruna e`tiqad bəsləmək dünya səviyyəli bir e`tiqaddır və bütün asimani dinlərin həqiqi ardıcılları öz dini kitabların tə`limlərinə əsaslanaraq, və`dəsi verilən bu böyük şəxsiyyətin intizarını çəkirlər. Müqəddəs kitablardan Zəbur, Tövrat, İncil, eləcə də hinduların, zərduştlərin, berahmanların kitablarında dünyanın böyük xilaskarının zühur edəcəyinə dair işarələr vardır. Əlbəttə, hər bir millət bu xilaskar üçün xüsusi bir ləqəb seçmişdir. Zərdüştlər onu «Susyaniş» (yə`ni dünyanı xilas edən), məsihilər onu və`dəsi verilən Məsih, yəhudilər onu Süruri Mikaili adı ilə tanıyırlar.

Zərdüştlərin müqəddəs kitabından «Camasib namə» ibarələrini aşağıdakı kimi qeyd edirik:

Ərəb peyğəmbəri axırıncı peyğəmbərdir ki, Məkkə dağları arasında peyda olacaqdır... Öz bəndələri (xidmətçiləri) ilə birlikdə yeyər, onların oturduğu kimi oturar... onun dini dinlərin ən şərəflisidir. Onun kitabı bütün asimani kitabları batil edər (və qüvvədən salar)... O Peyğəmbərin qızının övladlarından bir nəfər «dünyanın günəşi» və «Zamanın şahı» adı ilə tanınır. Yəzdanın hökmü ilə dünyada yalnız o şəxs padşah olar ki, o Peyğəmbərin axırıncı canişini olsun... Onun dövləti qiyamətə qədər davam edər...» [46]

 

 

 

[1] Kamalüd-din, ikinci cild, 41-ci 1-hədis, səh. 132

[2] Biharul-ənvar, beşinci cild, hədis 29, səh 22, hədis 14, səh. 11

[3] Yenə orada, beşinci cild, hədis 7, səh. 21

[4] Qeybəti Tusi, hədis 478, səh. 470

[5] Kəmalud-din, ikinci cild, 33-cü bab, birinci hədis, səh 21

[6] Sübh azanından bir az öncə üfüqdə aşkar olan ağlığa deyilir.

[7] Bu cümlədən məqsəd budur ki, «bəlalar səndən uzaq olsun!»

[8] Qəsəs surəsi, 5 və 6

[9] Kəmaluddin, ikinci cild, bab 42, birinci hədis, səh. 143

[10] Müntəxəbül-əsər, ikinci fəsil, səh. 239 -383

[11] Ehticaç, ikinci cild, səh. 542

[12] Kamalu din ikinci cild otuz səkkizinci bab birinci hədis səh 80

[13] Kiçik qeybət dövründə imam Məhdi (ə) ikinci xas naibidir ki, qeybət dövründə onun tərcümeyi halı gələcəkdir

[14] Kamalu din ikinci cild 43-cü bab hədis 2 səh 162

[15] Yenə orada 42-ci bab

[16] Yenə orada səh 158

[17] İsbatul hüda üçüncü cild 7-ci fəsil səh 700

[18] Kamalüdin ikinci cild 43-cü bab 21-ci hədis səh 190

Bu sözün əlavə izahı kitabın birinci fəslində İmamın Allah tərəfindən seçilməsi bölməsində qeyd olundu

[19] Kamaludin ikinci cild 43-cü bab 21-ci hədis səh 190

[20] Yenə orada 25-ci hədis səh 123

[21] Təfsiri qumi ikinci cild səh 52

[22] Qeybəti Tusi hədis 143 səh 184

[23] Kamaludin birinci cild 32-ci bab hədis 16 səh 603

[24] Qeybəti Nomani səh 32

[25] Biharul-ənvar 52-ci cild səh 309

[26] Yenə orada səh 123

[27] Həmin rəvayətdə deyilir ki, Cabir Ənsari belə demişdir: Peyğəmbərin dövründə İmam Hüseyn (ə) təvvəlüdünü təbrik etmək üçün Fatimənin yanına getdim. Onun əlində yaşıl rəngli səhifə gördüm. O yazıda gün kimi parlayan bir sətirlər gördüm. Soruşdum ki, bu lövh nədir? Buyurdu: Bu lövhi Allah təala öz Rəsuluna hədiyyə etmişdir. Onda atamın, ərimin iki övladlarımın canişinlərinin aları qeyd olunmuşdur. Peyğəmbəri Əkrəm onu mənə əta etmişdir ki, ona baxıb sevinim.

[28] Kamaludin birinci cild 28 bab birici hədis səh 569

[29] Ehticac ikinci cild səh 70

[30] Kamaludin birinci cild bab 30 hədis 3 səh 584

[31] Yenə orada birinci cild 31-ci bab səh 592

[32] Yenə orada birinci cild 32-ci bab hədis 15 səh 602

[33] Qeybəti nömani onuncu bab 4-cü fəsil beşinci hədis səh 176

[34] Yenə orada 34-cü bab 6-cı hədis səh 57

[35] Yenə orada 35-ci bab 5-ci hədis səh 60

[36] Yenə orada 36-cı bab 1-ci hədis səh 70

[37] Yenə orada 37-cı bab 10-cu hədis səh 79

[38]Yenə 37-ci bab 7-ci hədis səh 118

[39] Əl müstədrəku ələl səhihi 4-cü cild səh 557

[40] Təfsiri Əl Kəbir 16-cı cild səh 40

[41] Təfsiri Qurtubi 8-ci cild səh 121

[42] Sihahi Sitə dedikdə altılıq təşkil edən səhih kitablar nəzərdə tutulur. Sihahi Sitə hədis kitablarından olan altı böyük hədis məcmuəsinə aid edilən ümumi bir ünvandır ki, sünnilərin nəzərində ən mö`təbər hədis kitabları sayılır və aşağıdakılardan ibarətdir: Səhihi Buxari, Səhihi Müslim, Sünəni Əbu Davud, Sünəni İbni Macə, Sünəni Nəsaid, Camei Termizi. Sünni alimləri bu kitabdan nəql olunan hədisləri səhih hesab edir və peyğəmbəri Əkrəmin sözü olaraq qəbul edirlər. Qur`andan sonra onların ən mö`təbər kitabları da bunlardır.

[43] İbni Xəldun sünnilərin arasında böyük cəmiyyət şünas (sosyoloq) hesab olunur və o Məhdi (ə) əlaqədar rəvayətlərlə bir qisminə irad tutmuş onları zəif saymışdır. Amma bununla yanaşı Həzrəti Məhdi (ə) əlaqədar rəvayətlərin bə`zilərini səhih hesab etmişdir bununla da Məhdilik məsələsində şəkk yaratmışdır. Məhəmməd Sidiq məğribi İbrazul vəhmil məknun min kəlmi ibni xəldun adlı kitabında onun sözlərini rədd edərək cavab vermişdir.

Həmçinin Əbdül Möhsin ibni Həmdül İbad Ər rədu əla mən həzəbə bil əhadisi səhihətil varidətil fil Məhdi adlı maqaləsində ibni Xəldunun şübhələrinə cavab vermişdir.

[44] Sünnəni Əbu Davud ikinci cild hədis 4282 səh 106

[45] Mö`cəmi Kəbir onuncu cild hədis 1229 səh 83

[46] Ədyan və məhdəviyyət səh 21


Şərhlər

Şərh yaz

* Bir ulduz Fields əlbəttə dəyər olmalıdır.