İMAMA OLAN EHTİYAC

İMAMA OLAN EHTİYAC

İMAMƏT

Peyğəmbəri Əkrəmin (s) vəfatından sonra yenicə qurulmuş İslam cəmiyyətində irəli çəkilən ənmühüm bəhslərdən biri də Peyğəmbəri Əkrəmin canişini və xilafət məsələsi idi. Peyğəmbərin bə`zi səhabələrinin rə`ylərinə əsasən, Əbu Bəkrin xilafətini qəbul etdilər, digər bir qrup isə inandı ki, Peyğəmbərin canişini elə o həzrətin tə`yin etməsi əsasında olub, İmam Əli (ə)-a məxsusdur. Sonrakı dövrlərdə də birinci dəstə Ammə, (əhli sünnət və cəmaət) ikinci dəstə isə xassə (şiələr) adı ilə tanınmağa başladılar.

Diqqət yetirmək lazımdır ki, şiələrlə sünnülərin arasında mövcud olan ixtilaflar təkcə Peyğəmbərin canişini barəsində deyildir; əksinə, onların hər birinin nəzərində İmamın xüsusi mə`nası, məfhumu və məqamı vardır ki, bu iki məzhəbi bir-birindən tamamilə ayırır.

Mövzunun daha aydın olması üçün «imam» və «imamət» kəlmələrinin mə`nasını araşdırırıq ki, bu iki məktəb və ideologiyaının arasındakı fərqlər aydın olsun.

Lüğətdə «imamət» kəlməsi «rəhbərlik» mə`nasına gəlmişdir. İmam da bir qrupun müəyyən bir yolda rəhbərliyini öhdəsinə alan şəxsə deyilir. Dini elmlər də və fiqhi istilahda imamət müxtəlif yozumlarla təfsir edilmişdir.

Sünnü alimlərinin nəzərinə əsasən, imamət dünyəvi bir hakimiyyətdir (və Allah tərəfindən tə`yin olunmayıbdır) ki, müsəlman cəmiyyətlərinə rəhbərlik və onların idarə olunması onun vasitəsi ilə baş verir. Hər bir cəmiyyət bir rəhbərə və böyük şəxsiyyətə ehtiyac duyulduğu kimi, müsəlman cəmiyyəti də Peyğəmbərdən sonra özü üçün bir rəhbər seçməli idi. Bu seçim üçün dində xüsusi bir qayda-qanun tə`yin olunmadığına görə Peyğəmbərin canişini müxtəlif yollarla, o cümlədən camaatın əksəriyyətinin rə`yini əsas tutmaqla, yaxud onların böyük şəxsiyyətlərinin nəzərinə istinad etməklə, yaxud da əvvəlki xəlifənin vəsiyyətinə, yaxud hətta çevriliş və hərbi yolla belə, tə`yin oluna bilər.

Lakin imaməti nübüvvətin davamı, imamı da Allahın yer üzündə bəndələrə olan höccəti və onunla məxluqat arasında feyz vasitəsi bilən şiələr isə inanırlar ki, imam yalnız Allah tərəfindən tə`yin və Peyğəmbərin –vəhy gətirən bir şəxsin tərəfindən təqdim olunur. Bu, şiə təfəkküründə imamətin malik olduğu yüksək məqama görədir; belə ki, onlar imamı müsəlman cəmiyyətinin idarə edicisi və rəhbəri bilməkdən əlavə həm də ilahi hökmlərin bəyan edicisi, Qur`ani Kərimin təfsirçisi və səadət yolunda insanların rəhbəri hesab edirlər. Başqa sözlə desək, şiə təfəkküründə imam insanların həm dini, həm də dünyəvi yönlərdəki olan rəhbəridir, amma sünnülərin inandığı kimi, onun vəzifəsi yalnız hökuməti idarə etmək və insanların dünyəvi işlərini sahmana salmaq deyildir.

İMAMA OLAN EHTİYAC

İmam barəsində iki nəzəriyyənin aydınlaşmasından sonra bu suala cavab veririk: Qur`an və Peyğəmbər sünnəsinin varlığı ilə belə, şiələrin inandığı kimi dini rəhbərə və imama nə ehtiyac vardır?.

İmamın vücudunun zərurəti üçün çoxlu dəlillər bəyan olunmuşdur ki, onların arasından birini sadə bəyanla irəli çəkirik:

Bəşəriyyət üçün Peyğəmbərin varlığına ehtiyacın dəlili elə imamın da varlığının zərurətini bəyan edir. Çünki bir tərəfdən islam dini ilahi dinlərin və Peyğəmbəri Əkrəm də ilahi peyğəmbərlərin sonuncusu olduğuna görə islam dini insanların qiyamətə qədər olan ehtiyaclarını tə`min edib onların hamısına cavab verə bilməlidir. Digər tərəfdən də Qur`ani Kərim ilahi hökmlərin və maarifin külli qanun-qaydalarını bəyan etmiş, onun cüz`i şəkildə izah edilməsini isə Peyğəmbərə həvalə etmişdir. Qur`ani Kərim Peyğəmbərə xitab edərək buyurur: «Biz zikri (Qur`anı) sənə nazil etdik ki, onu (camaata nazil olanları) onlar üçün bəyan edəsən.»[1] Lakin mə`lum oluduğu kimi, Peyğəmbəri Əkrəm müsəlmanların rəhbəri ünvanı ilə ilahi ayələri öz dövründəki islam cəmiyyətinin tutum və ehtiyaclarına uyğun olaraq bəyan etmişdir. Amma gərək onun özü kimi, sonsuz ilahi elm dəryasına mütəssil layiqli olan canişinləri olsun ki, Peyğəmbəri Əkrəmin bəyan etmədiyi şeyləri camaat üçün açıqlasınlar və hər bir dövrdə müsəlman cəmiyyətinin ehtiyaclarına cavab verə bilsinlər.

Həmçinin, imamlar Peyğəmbərdən qalan mirasın keşikçiləri, Qur`an həqiqətlərinin həqiqi təfsirçiləri və bəyan ediciləridir. Onlar bu vəzifələri öhdələrinə almalıdırlar ki, Allahın dini düşmənlərin qərəzli təhriflərinə mə`ruz qalmasın və bu zülal çeşməsi qiyamət gününə qədər pak-pakizə bir halda qalsın.

Bundan əlavə, imam kamil bir insan ünvanı ilə insanların bütün yönlərdəki hərtərəfli nümunəsidir. İnsanlar belə bir nümunəyə ciddi ehtiyac duyurlar ki, onun hidayətlərindən istifadə etməklə insani kamala çatmaq üçün ləyaqəti və özünə layiq olan tərzdə tərbiyə olunsunlar, bu ilahi mürəbbilərin yol göstərmələri sayəsində zəlalətdən, azğınçılıqdan, inadkar nəfsin tələlərindən və xarici şeytanların azdırmalarından qorunub saxlana bilsinlər.

Yuxarıda qeyd olunanlardan aydın olur ki, insanların imama olan ehtiyacı həyati bir ehtiyacdır. İmamın vəzifələrindən bə`ziləri də aşağıda qeyd olunanlardır:

1-. Cəmiyyət işlərinin idarə olunması və ümmətə rəhbərlik (hökumət təşkil edilməsi);

2-. Dinin, Peyğəmbər ayininin təhrifdən qorunub-saxlanması və Qur`anın düzgün şəkildə bəyan olunması;

3-. İnsanların nəfslərinin saflaşdırılması və onların mə`nəvi cəhətdən hidayət olunması.[2]

İMAMIN XÜSUSİYYƏTLƏRİ

Dinin qorunması, onun həyatının davam etdirilməsi, eləcə də bəşərin dini-mə`nəvi ehtiyaclarını öhdəsinə alan peyğəmbər canişini çox mə`nəviyyatlı, pak-pakizə bir şəxsiyyət olmalıdır ki, rəhbərliyin yüksək məqamına mütənasib olaraq müxtəlif xüsusiyyətləri özündə ehtifa etsin. O cümlədən, və aşağıdakıları qeyd etmək olar:

Təqvalı və pərhizkar olmaq, ismət səciyyəsinə malik olmaq; belə ki, ondan ən kiçik günah belə, baş verməmiş olsun.

Peyğəmbərin elmindən qaynaqlanan və bunun vasitəsi ilə də ilahi elmə qovuşan bir elmdən faydalanmaq;

Buna əsasən o, insanların maddi, mə`nəvi, dini və dünyəvi zəminələrində qarşıya çıxan bütün suallarına cavab verə bilməlidir.

Ən yüksək əxlaqi səciyyələrə və fəzilətlərə malik olmaq;

Bəşər cəmiyyətini idarə etmək bacarığına malik olmaq və onu düzgün şəkildə, dini tə`limlər əsasında idarə etmək qabiliyyəti.

Qeyd olunan xüsusiyyətlərə diqqət yetirməklə aydın olur ki, belə bir şəxsin seçki əsasında tə`yin edilməsi insanların qüdrət dairəsindən xaricdir və yalnız Allah təala Özünün sonsuz elmi vasitəsi ilə Peyğəmbərin canişinlərini və ondan sonrakı rəhbərləri tə`yin edə bilər. Buna əsasən, imamın ən mühüm xüsusiyyətlərindən biri də Allah tərəfindən tə`yin olunmaqdan ibarətdir.

Bu xüsusiyyətlərin əhəmiyyətinə diqqət yetirməklə bu barədə qısaca izah veririk.

İmamın elmi

İnsanlara rəhbərlik etməyi öhdəsinə alan imam gərək dini, onun bütün yönlərində tanısın, onun qayda-qanunları barədə kamil agahlığa malik olsun, həmçinin Qur`an ayələrinin təfsirinə, Peyğəmbər sünnəsinə tam əhatəli olmaqla din məarifini bəyan etsin, camaatın müxtəlif mövzulardakı bütün suallarına cavab versin, və onları ən gözəl surətdə hidayət etsin. Aydındır ki, yalnız belə xüsusiyyətlərə malik olan bir elmi mərcə insanların e`timad etdiyi bir şəxs ola bilər, belə bir elmi arxaya malik olmaq da yalnız ilahi elm mənbəyinə qovuşmaqla vücuda gələ bilər. Məhz buna görə də şiələr inanır ki, Peyğəmbərin həqiqi canişinlərinin imamların elmi məhz Allahın sonsuz elmindən qayanaqlanır.

İmam Əli (ə) haqq imamın əlamətləri barəsində belə buyurur:

«İmam Allahın halal və haram buyurduğu şeylərə, müxtəlif hökmlərə, əmr və nəhylərə və (bir sözlə) camaatın ehtiyac duyduğu hər bir şeyə hamıdan artıq agah olan şəxsdir»[3]

İmamın isməti (günahlardan uzaq olması)

İmamın mühüm səciyyələrindən və imamətin əsaslı şərtlərindən biri də ismətdən ibarətdir. İsmət dedikdə məqsəd elm, və güclü iradədən irəli gələn bir səciyyədir. İmam bu ikisindən bəhrələndiyinə görə hər növ günah və xətadan uzaqdır. İmam həm din məarifini öyrənib bəyan etməkdə, həm ona əməl etməkdə, həm də islam cəmiyyətinin xeyrini və zərərini ayırd etməkdə xəta və sapmalardan amanda olmalıdır.

İmamın ismətini göstərən çoxlu əqli və nəqli dəlillər (Qur`an və rəvayət) mövcuddur. Əqli dəlillərin ən mühümü aşağıdakılardır:

a) Dinin dindarlıq hüdudlarının qorunub-saxlanması imamın mə`sum (günah, xəta və s. dən uzaq) olmasına bağlıdır. Çünki imam dinin təhriflərdən qorunub-saxlanması və insanların dini cəhətdən düz yola hidayət olunması məs`uliyyətini öhdəsinə alır. Onun təkcə sözləri deyil, həm də rəftarı, başqalarının əməlini görüb təsdiqləməsi və başqalarının əməllərinin qarşısında əks-reyaksiya göstərməməsi islam cəmiyyətinin rəftar və davranışında tə`sir göstərir. Deməli imam dinin dərk olunmasında və ona əməl edilməsində hər növ xəta vəsapmadanuzaq olmalıdır ki, öz ardıcıllarını düzgün şəkildə hidayət edə bilsin.

b). Cəmiyyətin imama olan ehtiyacının dəlillərindən biri də budur ki, adi insanlar dinin tanınması və onun qayda-qanunlarının icra edilməsində xətadan amanda deyillər. Belə olan təqdirdə, əgər camaatın rəhbəri də belə olsa necə e`timad edilən bir şəxs sayıla bilər?! Başqa sözlə desək, əgər imam mə`sum olmazsa, camaat ona tabe olmaqda və onun göstərişlərini yerinə yetirməkdə şəkk-şübhəyə düçar olacaqlar.[4]

Qur`anın bə`zi ayələri imamın ismətinin lazım və zəruri olmasını göstərir. Onlardan biri də «bəqərə» surəsinin 124-cü ayəsidir. Bu şərif ayədə qeyd olunur ki, Allah təala nübüvvət məqamından sonra yüksək imamət məqamını da həzrət İbrahimə (ə) əta etmişdir. İbrahim (ə) Allahdan imamət məqamını onun nəslində qərar verməsini istədik də Allah təala buyurdu: «Mənim əhdim (imamət) zalımlara çatmaz», yə`ni imamət məqamı İbrahimin nəslindən olan yalnız o şəxslərə məxsusdur ki, zülm etməmiş olsunlar. Qur`anın Allah təalaya şərik qoşmağı böyük bir zülm hesab etməsinə, ilahi göstərişlərin hüdudunu aşmağı (günahı) insanın özünə zülm etməsi hesab etdiyinə diqqət yetirməklə mə`lum olur ki, hər kəs öz həyatının müəyyən hissəsində müəyyən bir günaha mürtəkib olduğu üçün zalım hesab olunur və heç vaxt imamət məqamına layiq görülmür.

Başqa sözlə desək, şübhəsiz, Həzrəti İbarahim (ə) imamət məqamını öz nəslindən bütün ömrü boyu günahkar olan, yaxud əvvəldə yaxşı əməl sahibi olsa da sonradan pis əməllərə düşənlər üçün istəməmişdir. Buna əsasən, iki dəstə qalır:

1- O kəslər ki, əvvəldə günahkar olub sonradan tövbə edərək yaxşı əməl sahibi olsunlar;

2- O kəslər ki, ümumiyyətlə günaha mürtəkib olmayıblar.

Allah təala Öz kəlamında birinci dəstəni istisna etmişdir. Belə nəticə alırıq ki, imamət məqamı yalnız ikinci dəstədən olanlara məxsusdur.

İmamın ictimai idarəçiliyi

İnsan ictimai bir varlıq olduğuna, cəmiyyətində onun ruhu`əməl və rəftarına çoxlu tə`sir qoyduğuna görə gərək onun İlahi dərgaha yaxınlaşmaq və mə`nəvi məqamlara nail olması istiqamətində düzgün tərbiyəsi və inkişafı üçün münasib ictimai şəraitlər yaransı. Bu da yalnız ilahi hökumətin təşkil olunması sayəsində mümkün ola bilər. Buna əsasən, imam və insanların mə`nəvi rəhbəri cəmiyyətin işlərini idarə etməsi qüdrətinə malik olmalı, dini tə`limlərdən, Qur`an və Peyğəmbər sünnəsindən istifadə etməklə, tə`sirli vasitələrdən faydalanmaqla islam hökumətini bərqərar etsin.

Əxlaqi kamallara və səciyyələrə malik olmaq

Cəmiyyətin rəhbəri olan bir imam gərək bütün pis və mənfur xislətlərdən, əxlaqi rəzilliklərdən uzaq olsun və bunun müqabilində bütün insani keyfiyyətlərə və əxlaqi kamallara özünün ən yüksək həddində malik olsun. Çünki o, kamil bir insan ünvanı ilə, öz ardıcılları üçün ən yaxşı bir nümunə örnək, hesab olunmalıdır. İmam Riza (ə) buyurur: «İmamın müəyyən əlamət və nişanələri vardır, o cümlədən o, insanlar arasında ən bilikli... ən təqvalı, ən səbirli, ən şücaətli, ən səxavətli, və ən abid (ən çox ibadət edən) şəxs olmalıdır.»[5]

Bundan əlavə, o, Peyğəmbərin (s) canişinliyi məqamında insanların tə`lim tərbiyəsi ilə məşğul olmalıdır. Buna görə də, onun özü hamıdan artıq və camaatdan öncə ilahi əxlaqla zinətlənməlidir.

İmam Əli (ə) buyurur: «(Allahın əmri ilə) özünü camaatın imamı qərar verən bir şəxs gərək başqalarına tə`limləndirməyə öncə özünə tə`lim verməsinə sə`y göstərməli, başqalarını sözlə tərbiyə etməzdən öncə, öz rəftar və əməli ilə tərbiyə etməlidir.»[6]

İmam Allah tərəfindən tə`yin olunur

Şiələrin nəzərinə görə, peyğəmbərin canişini olan imam yalnız Allahın göstərişi və onun tərəfindən tə`yin olunma əsasında baş verir, və məhz bundan sonra Peyğəmbər imamı camaata tanıtdırır. Buna əsasən, heç bir fərd, yaxud qrupun bu işə dəxalət etməyə haqqı yoxdur.

İmamın Allah tərəfindən tə`yin olunmasının zəruri bir məsələ olmasının müxtəlif dəlilləri vardır, o cümlədən aşağıdakıları qeyd edirik:

a) Qur`anın buyurduğuna əsasən Allah təala bütün varlıqlara mütləq bir hakimdir və hamı yalnız Ona itaət etməlidir. Aydındır ki, bu hakimiyyət Allah tərəfindən ləyaqət və məsləhətinə uyğun olaraq hər bir şəxsə verilə bilər. Buna əsasən, Peyğəmbər Allah tərəfindən tə`yin olunduğu kimi, İmam da Allah tərəfindən tə`yin olunma yolu ilə camaata vilayət haqqına malik olur.

b) Yuxarıda, imam üçün ismət, elm və sair kimi xüsusiyyətləri bəyan etdik. Aydındır ki, bu sifətlərə malik olan bir şəxsi özünün ən yüksək səviyyəsində tanımaq aşkar və gizlininə agah olan Allahın vasitəsi ilə mümkün ola bilər. Belə ki, Allah təala Qur`ani kərimdə həzrəti İbrahimə buyurur: «Mən səni, camaata imam qərar verdim.»[7]

Hərtərəfli və gözəl bir bəyan

Bu bəhsin sonunda yaxşı olardı ki, 8-ci islam rəhbəri İmam Riza (ə)–ın imamətin yüksək məqamı və xüsusiyyətləri barəsində bəyan etdiyi kəlamı qeyd edək:

«Onlar (ki, imamət məsələsində ixtilaf edərək imamətin seçki yolu ilə olmasına inanandılar) nadanlıq etdilər...

Məgər camaat imamətin ümmət arasındakı məqam və mənzilətini bilirlərmi ki, onların öz ixtiyarlarına həvalə edilmiş olsun?!

Həqiqətən imamətin qədir qiyməti o qədər yüksək və o qədər böyük, mənziləti o qədər ali, məqamı o qədər uca, ənginliyi o qədər əlçatmazdır ki, camaat öz əqli ilə ona çata, öz rə`yləri ilə onu dərk edə bilməzlər...

Həqiqətən imamət elə bir məqamdır ki, Allah təala nübüvvət və xüllət məqamından sonra üçüncü mərhələdə onu İbrahim (ə)-ə məxsus etmişdir...

İmamət Allahın və Peyğəmbəri Əkrəmin xilafəti, Əmirəl-mö`mininin məqamı, Həsən və Hüseynin mirasıdır. Həqiqətən imamət dinin rəhbərliyi, müsəlmanların (ictimai) quruluşunun qalıb davam etməsi, mö`minlərin dünyalarının islah olunması və izzətə çatmaları səbəbidir... Namazın, orucun, həccin, cihadın kamil olması... Eləcə də sərhədlərin qorunub-saxlanması imamın vasitəsi (və vilayət maqamının qəbul edilməsi) ilədir. İmam Allahın halalını halal, haramını haram edir (Allahın gerçək höümlərinə müvafiq olaraq hökm verir), ilahi həddi-hüdudu bərqərar edir, Allahın dinini himayə edir, hikmət və gözəl möv`izələrlə, dolğun (insanı hədəfə çatdıran) dəlillərlə insanları Allahın yoluna də`vət edir.

İmam üfiqdəki günəş kimi nur saçır, onun nurnu bütün aləmləri əhatə edir, özü də elə bir vəziyyətdədir ki, əllər və gözlər onu (dərk etməyə) qabil deyildir. İmam parlaq işıq saçan çıraq, parlayan bir nur, yol göstərən bir ulduz kimidir ki, zülmətli qaranlıqlarda, şəhərlərin yollarında, səhralarda, bataqlıqlarda və dəryalarda (insanları müxtəlif fitnələrdən və nadanlıqlardan) xilas edəndir...

İmam insanla yanaşı olan munis, mehriban ata, doğma qardaş, körpə övladına nəvaziş edən ana, bəndələrin böyük müsibətlərdə sıcınacağıdır. İmam günahlardan pak-pakizə, eyblərdən uzaqdır. O özünün məxsus elmi, təqvası və helmi ilə tanınır... İmam özünün dövründə yeganə bir şəxsdir və) heç bir şəxs onun məqamına yaxınlaşa və heç bir alim onunla müqayisə oluna bilməz. Nə bir kəs onun yerini tuta (onu əvəz edə) bilər, nə də onun üçün bir oxşar və tay tapıla bilər... Belə isə, körəsən kim imamı tanıya bilər, yaxud imamı seçmək kim üçün mümkün ola bilər?! Çox uzaqdır, heyhat! Burada əqilər heyran və sərgərdan qalır. Burada gözlərin nuru gedir, böyüklər kiçilir, hikmət sahibləri heyrətə düşür... İmamın fəzilət və xüsusiyyətlərindən (hətta) birini (belə) təqdim etməkdə elm sahibləri aciz qalmış hamılıqla özlərinin acizlik və bacarıqsızlıqlarını e`tiraf etmişlər!»[8]

 

 

 


[1] «Nəhl» surəsi, 44-cü ayə.

[2] Qeyd olunmalıdır ki, mə`sum imam vasitəsi ilə hökumət təşkil olunması, lazım olan şəraitlərin yaranmasına bağlıdır. Lakin sair vəzifələr, hətta qeybət dövründə belə, yerinə yetirilir, həm də imamın zühur dövründə və camaat arasında olduğu bir dövdə belə hiss olunan və zəruri bir məsələdir. Digər məsələ bundan ibarətdir ki, camaatın imama olan ehtiyacı onların mə`nəvi həyatlarındadır. Amma aləm məcmuəsinin imamın vücuduna olan ehtiyacına gəldikdə isə, bu məsələ «qaib imamın faydaları» bölməsində araşdırılacaqdır.

[3] Mizanul-hikmət, birinci cild, səh. 861

[4] Bundan əlavə, əgər imam xətadan uzaq olmazsa, ondan camaat başqa bir imam axtarmalıdır ki, onların ehtiyacına cavab verə bilsin. Əgər o da xətadan amanda olmazsa, digər bir imam lazım gəlir və bu ehtiyaclar silsiləsi sonsuzluğa qədər davam edir. Belə bir məsələ də fəlsəfi cəhətdən batil sayılır.

[5] Məanil-əxbar, 4-cü cild, səh. 102

[6] Mizanul-hikmət, 147 –ci bab, hədis 850

[7] Bəqərə, 124

[8] Kafi, 1-ci cild, 15 bab, 1-ci hədis, səh. 255

Şərhlər

Şərh yaz

* Bir ulduz Fields əlbəttə dəyər olmalıdır.