ON DÖRDÜNCÜ MӘSUM

ON DÖRDÜNCÜ MӘSUM

ON DÖRDÜNCÜ MӘSUM

IMAM MӘHDI ӘLEYHISSALAM

IMAMIN ŞӘXSIYYӘTI

Adı: Məhəmməd

Ləqəbi: Hadi, Mehdi və Qaim

Künyəsi: Әbülqasim

Atası: Həzrət imam Həsən Әskəri (ə)

Anası: Nərcis Xatun

Təvəllüdü: 256-cı Hicri ili

TӘVӘLLÜDÜ

On ikinci imamın pak vücudunun mübarək günəşi 255-ci Hicri-qəməri ilinin Şəban ayının 15-də parlayaraq şiələrin ürəyini öz nuru ilə işıqlandırdı.

Abbasi xəlifələri və hökumət adamları imamların on iki olduğunu eləcə də onların sonuncusu olan imam Həsən Әskərinin oğlunun uzun qeybəti olacağını və dünya hökumətini quracağını eşitmişdilər.

Bundan qorxuya düşən zalım hökmdarlar bu işin qarşısını almaq istəyirdilər, lakin bilmirdilər ki, Firon o qədər güc və iqtidarına hətta körpə uşaqları belə vəhşicəsinə öldürməsinə baxmayaraq Allahın iradəsinin qarşısını ala bilmədi. O, Musanı tapmaq üçün bütün evləri bir-bir axtarırdı, lakin eyni zamanda axtardığı uşağı öz qucağında bəsləyirdi. Zəmanənin Fironu sayılan Abbasi xəlifəsi Mötəmid imamın evini nəzarət altında saxlayırdı və zəhərlənmiş xəstə imamı zindandan evinə göndərdikdə saray adamlarından beş nəfəri də ona qoşdu ki, imamın evində baş verən bütün hadisələri ona xəbər versinlər. Bundan əlavə bir neçə mamaçanı da imamın evinə göndərdi ki, o həzrətin həyat yoldaşının yanında dursunlar.

Imamın şəhadətindən sonra bütün Samirra matəmə qərq oldu və hamı tətil edərək imamın evinə sarı axışırdılar. Xalq dəfn mərasimini yerinə yetirmək üçün cənazəni əlləri üstündə aparırdılar. Abbasi xəlifəsi cəmiyyətin axınından dəhşətə gələrək çalışırdı ki, bu cinayəti ört-basdır edib imamın öz əcəlilə öldüyünü bildirsin. Mötəmidin özü də dəfn mərasimində iştirak etmək üçün öz qardaşını ora göndərdi. Qardaşına bunu da tapşırmışdı ki, camaatdan imamı kimsənin öldürmədiyinə dair şahidlik etmələrini istəsin. Digər tərəfdən isə, imamın ölü namazını qılacaq və onun var-dövlətinə varis olacaq bir övladı olmadığını xalqa inandırmaqdan ötrü həzrətin bütün var-dövlətini paylamağa başladı.

Lakin göstərdiyi bütün bu təşəbbüslərə baxmayaraq Allahın iradəsi artıq həyata keçmişdi. Imamın oğlu atasının şəhid olduğu zaman beş yaşında idi, məhz elə bu yaşında da imamlığa çatdı. Necə ki, Isa (ə) da hələ beşikdə ikən peyğəmbərliyə yetişmişdi.

O, hələ yaşının az olmasına baxmayaraq atasının cənazəsinə meyid namazı qılmaq istəyən və camaatın içində pis adam sayılan əmisi Cəfəri kənara itələyərək özü atasının namazını qıldı. Namazı qılandan sonra da gözlərdən qeyb oldu. Imam Həsən Әskərinin zamanından şiələr onu, atasının evində görmüş və atasının onun haqqında tapşırıqlarını eşitmişdilər. Bundan əlavə atasının şəhadətindən sonra da müddətlərlə gizli şəkildə o həzrətlə əlaqə saxlamışdılar.

IMAM ZAMAN (Ә.F.) NECӘ DÜNYAYA GӘLDI

Imam Həsən Әskəri əleyhissalamın bibisi Həkimə belə demişdir: Şəban ayının on beşi cüməaxşamı günündə qardaşım oğlu imam Həsən Әskərinin evinə getmişdim. Xudahafizləşib qayıtmaq istəyirdim ki, imam belə buyurdu: Ey əziz bibi, bu gecə bizim yanımızda qal. Çünki uşağımız dünyaya gələcək. Mən sevinib Nərcisin yanına getdim, lakin onda boyluluqdan heç bir nişanə görmədim. Heyrətlənib öz-özümə «mən ki, uşağın dünyaya gəlməsindən heç bir əsər-əlamət görmürəm» - deyirdim ki, elə bu vaxt imam bu vaxt yanıma gəlib buyurdu: «Ey bibi narahat olma. Nərcis Musanın anası kimidir. Uşaq da Musa kimidir! Gizlincə və əsər-əlamətsiz dünyaya gələcək. Uşaq sübh azanı deyiləndə dünyaya gələcəkdir. Nərcisin yanına get». Mən sevinib Nərcisin yanında qaldım və imamın dediyi kimi hələ fəcr doğmamışdan qabaq təvəllüdün nişanələri aşkar oldu və mənimlə onun arasında işıqdan bir halə meydana gəldi, belə ki, mən daha Nərcisi görə bilmirdim. Mən qorxub otaqdan eşiyə çıxdım və imamın hüzuruna gedib vəziyyəti ona izah etdim. Həzrət gülümsəyərək buyurdu: «Bir azdan otağa qayıt, onu görəcəksən». Mən otağa qayıdıb təzə doğulmuş balanı gördüm ki, səcdəyə gedib barmağını göyə qaldırmış və Allahın böyüklüyü və birliyinə şəhadət verərək ona sitayiş edir.»

ANASI NӘRCISIN ӘHVALATI

Həzrət Hadi əleyhissalamın xidmətçilərindən biri Büşr Әnsari bu haqda belə deyir:

Bir gün həzrət Hadi (ə) məni çağırıb belə buyurdu: «Yerinə yetirilməsi sənin üçün xeyirli olacaq bir iş öhdənə qoymaq istəyirəm». Daha sonra Həzrət (ə) bir məktubla içində 220 dinar olan bir kisəni mənə verib buyurdu: «Bunları alıb, Bağdadda Fürat çayının sahilində gözlə. Sübh açılanda ora bir gəmi gələcək. Gəmidə satmaq üçün gətrilmiş çoxlu kəniz vardır. Müştərilərin çoxu Bəni Abbasdan və bəzi başqa cavanlardan ibarət olacaq. Həmin gəmidə özünü müştərilərə göstərmək istəməyən bir qız vardır. Cavanlardan birisi qabağa gəlib qızın yiyəsinə «mən onu 200 dinara alıram» - deyəcək. Lakin həmin qız razı olmayacaqdır. Sonra onun yiyəsi «səni satmaqdan başqa çarəmiz yoxdur. Təslim olmalısan» - deyəcək. Lakin o «bir az döz, mənim müşdərim indi gələcək» — deyəcək. Elə bu vaxt sən qabağa gedib məktubu ona ver və de: Әgər xanım bu məktubun sahibinə meyl edirsə, onu alıram. O, məktubu oxuyandan sonra sevinəcək. Sonra sən onu yiyəsindən alıb gətirərsən.

Büşr belə davam edir: Imamın buyurduqlarını yerinə yetirdim və onu yiyəsindən aldım. Yolda gələrkən özü haqqında maraqlı bir hekayə danışıb dedi: Mən Rum padşahının qızıyam. Mənim cəddim Isa əleyhissalamın yaxınlarından olub. Atam məni öz qadaşı oğluna vermək istəyirdi. Bir gün sarayda təntənəli bir yığıncaq təşkil edib qardaşı oğlu ilə məni birlikdə taxtda oturtmuşdu. Xristanların böyükləri məni ona ərə vermək üçün yığışmışdılar. Birdən saray titrədi və hər şey bir-birinə dəydi, gözümün qabağında əmi oğlum taxtdan yıxıldı. Yenə də bir dəfə yığıncaq təşkil etdilər, lakin yenə eyni hadisə baş verdi. Xristianların böyükləri bu işin nəhs olduğunu söyləyib saraydan çıxıb getdilər. O gecə mən narahat və ruhdan düşmüş bir halda yatmışdım. Yuxuda gördüm ki, nurani kişilər saraya gəliblər. Onlardan birini həzrət Isa (ə), o birisini də islam Peyğəmbəri olduğunu söyləyirdilər. Islam Peyğəmbəri (s) həzrət Isaya belə buyurdu: «Mən öz oğlum üçün sizin övladınıza eçiliyə gəlmişəm. Isa sevinib qəbul etdi. Mən bu yuxu barədə heç kəslə danışmadım. Bir gün xəstələndim və atam bütün həkimləri çağırdı, amma heç biri məni sağalda bilmədi. Mən atamdan yaxşılaşmağım üçün zindanda olan bütün müsəlmanları azat etməsini xahiş etdikdə isətiymi qəbul edib onları azad etdi və mənim halım bir az düzəldi. Həmin gecə nurani qadınları yuxuda gördüm. Onlardan birisini Isanın anası, digərinin isə Fatimeyi Zəhra olduğunu söyləyirdilər. Peyğəmbərin qızı irəli gəlib belə dedi: Әgər sən mənim övladımın həyat yoldaşı olmaq istəyirsənsə, müsəlman olmalısan. Mən yuxuda ikən onun əlilə müsəlman oldum. Sonra o, məni özü ilə imam Həsən Әskərinin yanına gətirdi. Onun məhəbbəti ürəyimə düşdü və daha dözə bilmədim. Nəhayət bir gecə imam Həsən Әskərini yuxuda gördüb ondan necə həyat yoldaşı ola biləcəyimi soruşdum. O, belə buyurdu: «Atan yaxın gələcəkdə bir ordu ilə müsəlmanlarla döyüşməyə gələcəkdir. Siz ordunun arxa hissəsində olacaqsınız. Müsəlmanlar qələbə çalıb sizi əsi götürərək satmaq üçün Bağdada gətirəcəklər. Gəmi Fürat sahilində dayanacaq və səni satmaq üçün gəmidən çıxaracaqlar. Səni almaq üçün bir neçə müştəri gələcək, amma sən döz, atam tərəfindən bir məktubla səni alacaq bir şəxs gələcək». Mən yuxudan ayıldıqda çox sevindim. Bir müddət keçdikdən sonra imamın buyurduğu kimi oldu. Ey Büşr, indiyə kimi heç kəs bu sirri bilmir və məni tanımırdı. Sənə danışdığım bu əhvalatı heç kimə demə və bu sirri gizli saxla.

Büşr deyir: O, yolda öz hekayəsini mənim üçün danışarkən mən tir-tir titrəyirdim. Məhz həmin andan etibarən ona çox hörmət bəsləməyə başladım və bir qulluqçu kimi daima yanında oldum. Sonra onu mövlam imam Hadi əleyhissalamın hüzuruna apardım. Həzrət (ə) ondan «necə müsəlman oldun?» - deyə soruşduqda, belə cavab verdi: «Özünüzün daha yaxşı bildiyiniz bir şeyi məndən soruşursunuz». Sonra isə imam (ə) ona belə buyurdu: «Sənə muştuluq verirəm ki, dünyanı ədalətlə dolduracaq uşaq səndən dünyaya gələcək.» Sonra bacısı Həkiməyə xitabən belə buyurdu: «Bacı, gözlədiyin xanım budur. Onu apar və islam əhkamını ona öyrət». Həkimə onu mehribanlıqla qucaqlayaraq hörmətlə öz yanında apardı.

IMAMIN HӘYATININ DÖVRLӘRI

Imamın həyatın üç dövrə bölmək mümkündür:

a) Təvəllüdündən atasının şəhadətinə qədər olan beş illik dövr. Bu qısa müddət ərzində əshabından və dünyanın hər tərəfindən alimlər və fəqihlər imam Həsən Әskəri əleyhissalamın görüşünə gəldikdə bu balaca uşaqla da görüşərək ondan bəzi mövzular haqqında suallar soruşmuşdular. Imam Həsən Әskəri (ə) öz oğlunu onlara təqdim edərək onun barəsində əshabına müxtəlif tövsiyələr edirdi.

b) Imamın altı yaşından başlayaraq 74 yaşına qədər davam edən qeybəti-süğrası (yəni kiçik qeybət): Bu dövrdə hökumət adamları onu görməkdən məhrum idilər. Amma imamın əshabı və həqiqi şiələr onun yanına gedib istədikləri sualları ona verirdilər. Bu dövrdə imam (ə.f.) ilə xalq arasında vasitəçi olan, eləcə də camaatın istək və məktublarını imama gətirib cavabını onlara aparan dörd nəfər və idi:

1. Osman ibni Səid;

2. Məhəmməd ibni Osman;

3. Hüseyn ibni Ruh;

4. Әli ibni Məhəmməd Səymuri.

Bunlar həzrətin etibarlı əshablarından sayılırdılar və hər biri, o birisindən sonra, öz öhdəliyini yerinə yetirirdi.

v) Üçüncü dövr 329-cu Hicri-qəməri ilindən başlayaraq bu günə qədər davam edən qeybəti-kübra (yəni böyük qeybət) dövrüdür. Bu dövrün nə qədər davam edəcəyini Allahdan başqa heç kim bilmir. Həzrət (ə.f.) bu dövrdə xalq arasında gizli və kimsənin onu tanımayacağı bir şəkildə hərəkət və rəftar edir. Onu görən olsa da tanıya bilməz. Yalnız o, gedəndən sonra həzrətdə gördükləri əlamətlərdən onun imam (ə.f.) olduğunu başa düşərlər.

Şərhlər

Şərh yaz

* Bir ulduz Fields əlbəttə dəyər olmalıdır.